“Böyük yeddilik” (G7) ölkələrinin enerji nazirləri qlobal neft-qaz bazarındakı mövcud vəziyyətə dair müzakiərələr aparacaqlar.
NUHÇIXAN xəbər verir ki, görüş bu gün videokonfrans formatında baş tutacaq.
Yaxın Şərqdəki vəziyyət və Hörmüz boğazının bağlanması qlobal miqyasda qeyri-müəyyənlik, neft bazarları üçün isə mühüm və artan risklər yaratmaqda davam edir. Bu vəziyyət Yaxın Şərq və Körfəz ölkələrini neft hasilatını azaltmağa vadar edib. Misir isə neft məhsulları və təbii qazın qiymətlərini 15-30 faiz arası artırıb.
ABŞ-da və Avropada neft-qaz təchizatı ilə bağlı heç bir problemin olmadığı bildirilir. Tayland, Banqladeş, Hindistan və Vyetnam kimi bəzi Asiya ölkələri isə təcili mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları tapmaqda çətinlik çəkirlər. Bir çox ölkə bu ay üçün LNG təmin edə bilsə də, bu daşımaların bəziləri yüksək qiymətlərlə həyata keçirilib. LNG qiymətləri Yaxın Şərqdəki münaqişə başlayandan bəri təxminən iki dəfədən çox artıb.
Xatırladaq ki, ötən gün G7 ölkələrinin maliyyə nazirlərinin görüşündə Yaxın Şərqdəki münaqişənin qlobal iqtisadiyyata təsirləri müzakirə edilib. Nazirlər enerji təchizatını dəstəkləmək üçün lazımi addımı atmağa, o cümlədən strateji neft ehtiyatlarının gələcəkdə istifadəsinə hazır olduqlarını açıqlayıblar. Eyni zamanda, Hörmüz boğazının bağlanmasından sonra enerji xərcləri üçün əlavə qiymət endirim tədbirlərinin zəruri olub-olmadığı dəyərləndirilib. G7-nin zəruri addımlarla neft qiymətlərindəki artıma əlaqələndirilmiş şəkildə cavab verdiyi və enerji qiymətlərinin aşağı düşməsinə kömək etdiyi bildirilib.
