İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani çərşənbə günü telefon danışığı zamanı İran Prezidenti Məsud Pezeşkiana bildirib ki, Bağdad heç bir tərəfə və ya heç kimə İraq ərazisindən İrana qarşı hücumlar üçün baza kimi istifadə etməyə icazə verməyəcək.
NUHÇIXAN İraq mediasına istinadla xəbər verir ki, əs--Sudaninin sözlərinə görə, onun ölkəsi İranın təhlükəsizliyinə və suverenliyinə sadiq olsa da, qonşu dövlətin İraq ərazisinə hücumları suverenliyin pozulması kimi qiymətləndirilir və Bağdadın müharibəni dayandırmaq, dialoqa qayıtmaq səylərini sarsıdır.
O, həmçinin İrana qarşı ədalətsiz müharibəni rədd etdiyini və qınadığını diqqətə çatdırıb, habelə regionun və qardaş xalqların təhlükəsizliyi və sülh ilə bağlı narahatlığını vurğulayıb.
Baş nazir bildirib ki, İraq müharibəyə son qoymaq, regional və beynəlxalq təhlükəsizliyi və sabitliyi təhdid edən güc dilindən uzaq, dialoq və dinc həllər məntiqinə qayıtmaq üçün səy göstərməyə hazırdır.
