Yaponiyanın Baş naziri Sanae Takaiçi Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi fonunda strateji neft ehtiyatlarından istifadəyə başlayacağını və yanacaq qiymətlərini məhdudlaşdıracağını açıqlayıb.
NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında tankerlərin Hörmüz boğazından keçə bilməməsi səbəbindən Yaponiyaya xam neft idxalının martın sonundan etibarən əhəmiyyətli dərəcədə azalacağını söyləyib.
O, Yaponiyanın benzin və digər neft məhsullarının tədarükündə fasilələrin qarşısını almaq üçün daxili ehtiyatlardan istifadə etməyi planlaşdırdığını söyləyib. Sanae Takaiçi Yaponiyanın neft idxalında Yaxın Şərqdən kifayət qədər asılı olduğunu etiraf edib.
Hökumət başçısı Beynəlxalq Enerji Agentliyinin qərarını gözləmədən, martın 16-dan ehtiyat neftdən istifadəyə başlayacağını açıqlayıb. O, ilk addım olaraq hökumətin 15 günlük özəl neft ehtiyatlarını və bir aylıq dövlət ehtiyatlarını yerli emal zavodlarına çatdıracağını söyləyib.
Sanae Takaiçi sənaye naziri Akazava Ryoseyə yanacaq qiymətlərində kəskin dəyişikliklərin qarşısını almaq üçün təcili tədbir görməyi tapşırdığını, bununla belə dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar pərakəndə satış qiymətlərində artımlarının gözlənildiyini deyib. O, hökumətin benzinin pərakəndə orta satış qiymətini bir litr üçün təxminən 170 yen (1,07 ABŞ dolları) səviyyəsində məhdudlaşdırmağı, yüngül və ağır neft, kerosin və digər əlaqəli məhsullar üçün oxşar tədbirlər görməyi planlaşdırdığını söyləyib.
Yaponiyada sürücülər qiymətlərin artması fonunda yanacaq doldurma məntəqlərinə axın edir. Ölkənin ən böyük pərakəndə yanacaq satışı şəbəkəsi olan “Eneos”dakı mənbənin yerli mediaya verdiyi məlumata görə martın 12-dən başlayaraq həftə ərzində yanacağın hər litrinin qiyməti 26 yen yüksələcək.
