Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) bəyanatında bildirilib ki, “İncirlik” bir türk hərbi bazasıdır”.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, Adanadakı “İncirlik” hərbi hava bazası ilə bağlı nazirliyin açıqlamasında qeyd olunub: “İncirlik” Türkiyə bazasıdır. Eskişehirde yerləşən Hava Qüvvələri Komandanlığı nəzdində fəaliyyət göstərən 10-cu əsas reaktiv baza komandanlığımız Adanadakı “İncirlik”də yerləşir. Burada F-16 eskadrilyamız, tankerlərimiz və PUA-larımız yerləşir. Bütün obyektlər və mülkiyyət Türkiyə Respublikasına məxsusdur. Bazanın komandiri türk briqada-generalıdır. Orada Amerika əsgərlərinin olması onun ABŞ hərbi bazası olması demək deyil. Bu bazada İspaniya, Polşa və Qətər hərbi qulluqçuları da var”.

Türkiyə MMN, həmçinin Rusiyadan alınan S400 zenit-raket kompleksi ilə bağlı da açıqlama verib. Bəyanatda Türkiyənin hava və raketdən müdafiə fəaliyyətlərinin təhdid qiymətləndirmələri və əməliyyat ehtiyaclarına uyğun olaraq çoxqatlı bir struktur daxilində aparıldığı və ən uyğun müdafiə elementinin döyüş qaydaları və mövcud əməliyyat vəziyyəti nəzərə alınmaqla müəyyən edildiyi qeyd olunub.

Türkiyənin NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin bir hissəsi olduğu da qeyd edilən bəyanatda bildirilib: “Bu sistem erkən xəbərdarlıq sensorlarından, komanda və idarəetmə sistemindən və tutucu raketlərdən ibarətdir. Ballistik raket aşkar edildikdə, sistem çox qısa cavab müddəti səbəbindən avtomatik olaraq ən uyğun və sürətli tutucu seçir və atəş açır. Ölkəmizə yönəlmiş ballistik raket təhdidinə qarşı ən uyğun və effektiv müdafiə elementləri aktivləşdirilib”.

Milli Müdafiə Nazirliyi Malatya vilayətində yerləşdirilən “Patriot” sistemləri ilə bağlı da şərh verib. ABŞ-İsrail və İran arasında davam edən münaqişə barədə sualı cavablandıran nazirliyin sözçüsü admiral Zeki Aktürk İrandan müxtəlif vaxtlarda atılan iki ballistik raketin NATO hava və raketdən müdafiə elementləri tərəfindən zərərsizləşdirildiyini xatırladıb. O bildirib ki, Türkiyə hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə əlavə olaraq, NATO müttəfiqləri ilə məsləhətləşmə mexanizmləri də effektiv şəkildə aktivləşdirilib.

Nazirliyin sözçüsü vurğulayıb: “Bu kontekstdə NATO Müttəfiq Hava Komandanlığı - Ramşteyn (Almaniya) tərəfindən təyin edilmiş “Patriot” sistemi hava hücumundan müdafiə arxitekturasının tamamlayıcı elementi olaraq Malatyaya yerləşdirilir. NATO müttəfiq ölkələrin hava məkanlarını və ərazilərini qorumaq iradəsinə malik bir təhlükəsizlik ittifaqıdır. Geostrateji mövqeyi, güclü ordusu və Alyansın cənub-şərq cinahında mühüm rolu ilə Türkiyə bu strukturun ən vacib elementlərindən biridir. Bu addımlar müdafiə, çəkindirmə və müttəfiq həmrəyliyi anlayışına uyğun olaraq, həm Türkiyənin, həm də NATO-nun ortaq təhlükəsizliyini gücləndirməyi hədəfləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: