Efiopiyanın cənubunda baş verən güclü yağış bir sıra torpaq sürüşmələrinə səbəb olub. Hadisədə 70 nəfər ölüb, təxminən 50 nəfər itkin düşmüş hesab edilir.
NUHÇIXAN xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatlarına görə, torpaq sürüşmələri Qamo bölgəsində, Qaço Baba, Kamba və Bonke rayonlarında baş verib. Xilasedicilər bir nəfəri sağ çıxara biliblər.
Ölkədə hazırda yağışlı mövsüm davam edir, bu zaman tez-tez torpaq sürüşmələri və daşqınlar baş verir. İki il əvvəl ölkənin cənubunda baş verən torpaq sürüşməsi 229 nəfərin həyatına son qoyub. Son günlərdə güclü yağışlar digər Şərqi Afrika ölkələrinə də təsir edib. Qonşu Keniyada ötən cümə günü Nayrobidə yağan güclü yağış onlarla insanın ölümünə səbəb olub.
Bir sıra tədqiqat göstərir ki, son 20 ildə Şərqi Afrikada artan ekstremal quraqlıq və güclü yağışlar dövrü, ehtimal ki, insan fəaliyyətinin səbəb olduğu iqlim dəyişikliyi ilə bağlıdır.
