ABŞ-İsrailin İrana qarşı müharibəsinin üçüncü həftəyə qədəm qoyduğu və qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp bazar günü Fars körfəzi neftindən çox asılı olan ölkələrin dünya enerjisinin 20%-nin keçdiyi boğazı qorumaq üçün məsuliyyət daşımasında israr etmişdi.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yaponiya və Avstraliya bazar ertəsi günü ABŞ Prezidenti Donald Trampın müttəfiqlərini həyati əhəmiyyətli su yolunu yenidən açmaq üçün koalisiya yaratmağa çağırmasından sonra Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün Yaxın Şərqə hərbi gəmilərini göndərmək planlarının olmadığını açıqlayıb.
ABŞ Prezidenti Floridadan Vaşinqtona gedən “Air Force One” təyyarəsində jurnalistlərə bildirib: “Mən bu ölkələrdən müdaxilə etməyi və öz ərazilərinin müdafiəsini tələb edirəm, çünki bu, onların ərazisidir. Onlar enerjilərini buradan alırlar”.
Donald Tramp administrasiyasının artıq yeddi ölkə ilə əlaqə saxladığını bildirib, lakin onların adlarını çəkməyib. O, həftəsonu sosial mediada dərc olunan paylaşımında Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələrin təşəbbüsdə iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi bazar ertəsi günü bildirib ki, Konstitusiya ilə müharibəni qadağan edən maddəyə əsasən, Tokionun Yaxın Şərqdə gəmiləri müşayiət etmək üçün hərbi gəmi göndərmək planı yoxdur.
ABŞ-nin Hind-Sakit okean regionundakı digər əsas müttəfiqi olan Avstraliya boğazın açılmasına kömək etmək üçün ona müraciət olunmadığını və dəniz gəmiləri göndərməyəcəyini bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Tramp Çinin dəstəyi olmadan Pekinə səfərini təxirə sala bilər.
Bazar günü Tramp “Financial Times” qəzetinə verdiyi açıqlamada bu ayın sonunda Pekində çinli həmkarı Si Cinpin ilə planlaşdırılan görüşündən əvvəl Çinin boğazın açılmasına kömək edəcəyini və bu dəstək olmasa, səfərini təxirə sala biləcəyini bildirib.
“Düşünürəm ki, Çin də kömək etməlidir, çünki onun neftinin 90%-i boğazdan keçir” -deyən Tramp əlavə edib ki, Pekin Fars körfəzində dəstək təklif etməsə, səfər təxirə salına bilər.
