ABŞ-nin tətbiq etdiyi neft blokadası fonunda bazar ertəsi günü Kubada elektrik şəbəkəsi çöküb, nəticədə 10 milyona yaxın insan qaranlıqda qalıb. Adanın onsuz da köhnəlmiş olan elektrik enerjisinin generasiyası sistemi indi daha ağır vəziyyətə düşüb.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, yaranmış vəziyyəti araşdıran elektrik şəbəkəsinin operatoru UNE şirkətinin məlumatına görə, saatlarla, hətta günlərlə davam edən kəsintilər həftəsonunda bu kommunist ölkəsi üçün nadir hal kimi qəbul edilən etiraz aksiyalarına səbəb olub.
Hakimiyyət orqanları böyük bir elektrik stansiyasında baş verən qəzanı istisna etsələr də, elektrik şəbəkəsinin çökməsinin əsas səbəbini hələ müəyyən etməyiblər.
Rəsmilər bildirirlər ki, onlar ölkə daxilində kiçik dövrə qruplarına və ya mikroşəbəkələrə enerjinin verilməsini bərpa etməyə başlayıblar ki, bu da şəbəkənin tam bərpası üçün zəruri, lakin ilkin addımdır.
Bu ilin yanvar ayında Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbsindən sonra Kubaya təzyiq daha da artıb. Prezident Donald Tramp Kubaya Venesuela neftinin tədarükünü dayandırıb və adaya neft satan istənilən ölkəni tarif tətbiq etməklə hədələyib ki, bu da onsuz da köhnəlmiş elektrik şəbəkəsini daha da ağır vəziyyətə salıb.
Cümə günü Kuba böhranı həll etmək ümidi ilə ABŞ ilə danışıqlara başladığını açıqlayıb. Tramp son həftələrdə Kubanın dağılmaq üzrə olduğunu və Vaşinqton ilə razılaşma əldə etməyə çalışdığını iddia edib.
