ABŞ-nin Vitse-prezidenti C.D.Vens yaxın günlərdə Budapeştə səfər etməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, səfərin əsas məqsədi Macarıstanın Baş naziri Viktor Orban hökumətinə siyasi dəstək nümayiş etdirməkdir.
Mənbələr bildirir ki, bu səfər 2026-cı ilin aprelində keçiriləcək parlament seçkiləri ərəfəsində baş tuta bilər.
Sorğular hazırda Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasının müxalif “Tisza” partiyasından geri qaldığını göstərir və bu, son illərin ən çətin seçki mübarizəsi hesab olunur.
Vensin Budapeştə mümkün səfəri ABŞ-nin Dövlət katibi Marko Rubionun fevral ayında Macarıstana etdiyi səfərdən sonra gündəmə gəlib. Həmin səfər zamanı Vaşinqton administrasiyası Orbanın rəhbərliyinin ABŞ maraqları üçün vacib olduğunu vurğulamışdı.
Bununla belə, səfərin dəqiq vaxtı hələ təsdiqlənməyib. Bildirilir ki, Yaxın Şərqdə davam edən gərginlik, xüsusilə ABŞ və İsrailin İranla hərbi qarşıdurması səbəbindən planlarda dəyişiklik ola bilər.
Analitiklər qeyd edirlər ki, bu səfər Vaşinqtonun Avropada mühafizəkar hökumətlərlə əlaqələri gücləndirmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir. C.D.Vens isə ABŞ xarici siyasətində artan rolu ilə yanaşı, 2028-ci il prezident seçkiləri üçün potensial namizədlərdən biri hesab olunur.
