Omana qarşı son hücumların mənbəyi ilə bağlı araşdırmalar davam etdirilir və səlahiyyətli qurumlar bu hücumların arxasında duran səbəbləri müəyyənləşdirməyə çalışır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Son vaxtlar Oman Sultanlığına qarşı həyata keçirilmiş xain və qorxaq hücumlara görə hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, Oman bölgədə davam edən müharibəni, eləcə də bütün zorakı və hərbi hərəkətləri qətiyyətlə pisləyir. Eyni zamanda, ölkənin “aktiv neytrallıq” siyasətinə sadiqliyi, sülhün bərqərar olunmasına, təhlükəsizliyin və sabitliyin təmininə çağırış etdiyi vurğulanıb.
Qeyd edək ki, İran ətrafında hərbi əməliyyatlar başlayandan bəri Oman Sultanlığı bir sıra hücumlara məruz qalıb. Sonuncu belə hücum martın 28-də Salala limanına iki pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Nəticədə limanda çalışan əcnəbi işçilərdən biri xəsarət alıb, həmçinin limanın infrastrukturuna ziyan dəyib.
Bundan əvvəl, martın 11-də Salala limanında yanacaq çənləri pilotsuz uçuş aparatları ilə hədəfə alınıb, onlardan biri zərərsizləşdirilib və insan itkisi qeydə alınmayıb. Martın 3-də Duqm ticarət limanı da dron hücuma məruz qalıb, nəticədə yanacaq çənlərindən biri zədələnib. Martın 1-də isə həmin limana qarşı həyata keçirilən digər hücum zamanı dronlardan biri işçilərin yaşayış sahəsini hədəfə alıb və bir əcnəbi işçi yaralanıb.
