Böyük Britaniyanın Baş naziri Kir Starmer həkimlərə çağırış edərək bildirib ki, onlar Pasxadan sonra İngiltərədə keçirilməsi nəzərdə tutulan altıgünlük tətili ləğv etməsələr, min əlavə təlim yerinin yaradılması planı həyata keçirilməyəcək. O, tətili ləğv etmək üçün 48 saat vaxt verib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Britaniya Tibb Assosiasiyası tərəfindən ötən həftə hökumətin təklif etdiyi razılaşma rədd olunduqdan sonra tətil elan edilib. Təklifə əsasən, həkimlərin maaşlarının bu il 3,5 faiz artırılması, bəzi xərclərin, o cümlədən imtahan haqlarının qarşılanması və təlim yerlərinin sayının artırılması nəzərdə tutulurdu. Lakin həmkarlar ittifaqı bildirib ki, bu artım kifayət deyil. Onların sözlərinə görə, inflyasiyanın artacağı gözlənilir və rezident həkimlərin maaşları 2008-ci ildən bəri inflyasiya ilə uyğunlaşmayıb.
Kir Starmer bu mübahisə çərçivəsində artıq 15-ci dəfə tətil elan edilməsini məsuliyyətsiz addım kimi qiymətləndirib. Hökumətin təklif etdiyi paketə bu il üçün planlaşdırılan min əlavə təlim yeri ilə yanaşı, növbəti üç il ərzində ümumilikdə ən azı 4 min ixtisaslaşma üzrə yeni yerin yaradılması daxildir. Bundan əlavə, imtahan haqları kimi şəxsi xərclərin ödənilməsi və rezident həkimlərin maaş pillələri üzrə irəliləyişinin sürətləndirilməsi də təkliflər arasında yer alır.
