Fransada dizel yanacağının qiyməti 1985-ci ildən bəri ən yüksək səviyyəyə çataraq rekord qırıb. Rəsmi məlumatlara görə, ötən həftə bir litr dizelin orta qiyməti 2,188 avro olub və bununla da 2022-ci ilin mart və iyun aylarında bu yanacağın qiyməti ilə bağlı qeydə alınan əvvəlki rekordlar geridə qalıb.
NUHÇIXAN xəbər verir ki, son hesablamalara əsasən, təxminən 9600 yanacaqdoldurma məntəqəsi üzrə aparılan ölçmələr dizelin litrinin 2,243 avroya qədər yüksəldiyini göstərib.
Bu kəskin artım Yaxın Şərq regionunda baş verən gərginliklərlə əlaqələndirilir. Xüsusilə neft tədarükündə yaranan problemlər qiymətlərin artmasına səbəb olub.
Fevralın 27-si ilə müqayisədə dizel 52 sent və ya 30,4 faiz bahalaşıb. Eyni zamanda, ən çox istifadə olunan benzin növü olan “SP95-E10”un qiyməti də artaraq bir litr üçün 1,993 avroya çatıb və 2 avroluq psixoloji həddə yaxınlaşıb.
Qiymət artımının əsas səbəblərindən biri Hörmüz boğazı ətrafında yaranmış vəziyyətdir. İran bu strateji keçidi bağlayaraq, dünya üzrə neft daşımaların 20–25 və maye qaz daşımalarının isə təxminən 20 faizinin hərəkətini məhdudlaşdırıb.
Bundan əlavə, regionda bir sıra enerji infrastruktur obyektləri zərbələr nəticəsində zədələnib.
Yanacaq qiymətlərinin bu səviyyəyə qalxması Fransada xüsusilə balıqçılıq, nəqliyyat və kənd təsərrüfatı sektorlarına ciddi təsir göstərir. Bu sahələr yüksək yanacaq istehlakı etdiyi üçün qiymət artımı onların xərclərini kəskin artırır və iqtisadi fəaliyyətə təzyiq yaradır.
