Fransa Milli Assambleyasında Kanaki ilə bağlı müzakirə olunan konstitusiya dəyişiklikləri etiraz doğurub

A- A A+

Fransa Milli Assambleyasında Fransa Konstitusiyasının Kanakiyə (Yeni Kaledoniya) dair hissəsi üzrə dəyişiklik layihəsinin müzakirəsinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, aprelin 1-dən etibarən start verilən müzakirələrin üç gün davam edəcəyi gözlənilir. Lakin Fransanın qanunvericilik orqanında siyasi qüvvələr arasında balansın qeyri-müəyyən olması səbəbindən Konstitusiyaya təklif edilən dəyişikliklərin qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Sözügedən konstitusiya layihəsi Fransa qanunverici orqanı tərəfindən qəbul ediləcəyi təqdirdə Kanakinin siyasi statusunda və seçki sistemində dəyişikliklərə yol aça bilər. Xüsusilə, layihə vilayət seçkilərində Fransa tərəfindən Kanakiyə köçürülmüş əhali hesabına seçkidə iştirak etmək hüququ olan şəxslərin əhatə dairəsinin genişləndirilməsini və mövcud seçki qaydalarının yenidən müəyyən edilməsini nəzərdə tutur.

Müstəqillik tərəfdarları müzakirəyə çıxarılan sənədi Fransa hökuməti tərəfindən seçkilər zamanı Kanakidə yaşayan yerli əhalinin azlıqda qalmasını təmin etmək və müstəmləkəçilik siyasətinin möhkəmləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirirlər.

Konstitusiyaya təklif edilən dəyişikliklərdə yeni “Kaledoniya vətəndaşlığı” anlayışının tətbiqi, mərkəzi hökumətin bir sıra səlahiyyətlərinin yerli idarəetmə orqanlarına ötürülməsi, eləcə də seçici siyahısının genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə adada doğulan şəxslərin, həmçinin ərazidə ən azı 15 il daimi yaşamış şəxslərin seçkilərdə iştirak hüququ əldə etməsi təklif olunur.

Kanakinin müstəqillik tərəfdarı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi layihəyə qarşı çıxaraq bunun yekun siyasi razılaşma olmadığını və sənədin bu cür təqdim edilməsinin reallığı əks etdirmədiyini bəyan edib. Təşkilat rəhbərliyi Fransanı əvvəlki razılaşmalar, xüsusilə Matinyon və Noumea sazişlərində üzərinə götürdüyü öhdəliklərdən uzaqlaşmaqda ittiham edir və baş verən proseslərə görə məsuliyyətin birbaşa Fransa hökumətinin üzərində olduğunu vurğulayır.

Kanakinin aparıcı müstəqillik tərəfdarı koalisiyası FLNKS (Front de Libération Nationale Kanak et Socialiste) hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu kimi konstitusiya qanun layihəsindən imtina edilməli, mövcud seçici siyahısı əsasında qısa müddətdə vilayət seçkiləri keçirilməlidir. Yalnız bu yolla yerli əhalinin iradəsi legitim şəkildə ifadə oluna bilər. Eyni zamanda, təşkilat Bujival layihəsi ilə bağlı erkən referendum keçirilməsi təklifini qəbul etmir və bunun cəmiyyət daxilində parçalanmaya səbəb ola biləcəyini bildirir.

Fransa parlamentinin üzvü Bastien Lachaud məsələ ilə bağlı çıxış edərək qeyd edib ki, hökumət Kanaki ilə bağlı konstitusiya layihəsini konsensus olmadan qəbul etdirməyə çalışır. Onun sözlərinə görə, sənəd həm siyasi qüvvələrin böyük hissəsi, həm də müstəqillik tərəfdarları tərəfindən dəstəklənmir.

Qeyd edək ki, Kanakinin paytaxtı Noumeada Fransa parlamentində aparılan müzakirələr ərəfəsində aksiya keçirilib. Fransa tərəfindən dəstəklənən qruplar küçələrə çıxaraq Fransaya və müzakirə olunan konstitusiya layihəsinin qəbuluna dəstək ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: