“Politico”: Tramp administrasiyası neftin qiymətlərinin bir barel üçün 200 dollara qalxması ehtimalını müzakirə edir
Ağ Evin yüksəkvəzifəli rəsmiləri və Donald Tramp administrasiyasının nümayəndələri İranla müharibənin ikinci ayına qədəm qoyması ilə neft qiymətlərinin rekord həddə - 150 dollara və ya daha yüksək həddə qalxması ehtimalını müzakirə edirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Ağ Ev rəsmiləri qiymətlərin artmasının iqtisadi təsirini öyrənir və əlavə fövqəladə səlahiyyətlərin istifadəsi də daxil olmaqla, onları azaltmaq üçün variantları araşdırırlar. Prezident Donald Tramp, həmçinin Xəzinədarlıq Departamentinin rəsmilərindən enerji qiymətlərinin qısamüddətli perspektivi ilə bağlı brifinq alıb. Departamentin fikrincə, qiymətlər bir müddət barel üçün 100 dollardan yuxarı qalacaq. Nəşr yazır ki, daxili müzakirələrlə tanış olan mənbənin sözlərinə görə, administrasiya bu rəqəmi “baza səviyyəsi” kimi görür və qiymətlərin bir barel üçün 200 dollara yüksəlmə ehtimalını istisna etmir.
Bu, ABŞ-də orta benzin qiymətinin bir qallon üçün 4 dollara çatması, eləcə də Asiyanı bürüyən və yaxın həftələrdə Amerikaya yayılacaq neft qıtlığı dalğası fonunda baş verir.
ABŞ administrasiyasının keçmiş iqtisadi məsləhətçisi Stiven Murun sözlərinə görə, Ağ Ev hazırda iqtisadiyyatın son bir aydır düşdüyü çökəklikdən çıxmasını təmin etməyi planlaşdırır. O, Prezidentin komandasının iqtisadiyyatın Respublikaçılar partiyası üçün əhəmiyyətli bir siyasi maneə olduğunu yaxşı bildiyini qeyd edib.
Ağ Evin sözçüsü Teylor Rocers bildirib: “Administrasiya qısamüddətli təchizat fasilələrini daha da azaltmaq üçün lazım ola biləcək əlavə variantları araşdırmağa davam edir. Prezident Trampın sayəsində Amerika rekord səviyyədə daxili neft və qaz hasilatına nail olub”.
Ağ Evlə enerji məsələləri üzrə işləmiş bir müşavirin sözlərinə görə, sənaye hələ də bir barel üçün 100 dollarlıq neft qiymətlərindən təlaşa düşməyib, lakin Ağ Ev qiymətləri azaltmaq strategiyası olaraq neft ixracını məhdudlaşdırmağa çalışarsa, bu vəziyyət dəyişə bilər.
