BMT: Yaxın Şərq müharibəsi bərpaolunan enerji mənbələrinə sürətli keçidin əhəmiyyətini artırır

A- A A+

Yaxın Şərqdə davam edən böhran qlobal iqtisadiyyatda əsas problemi - münaqişələrdən təsirlənən bölgələrdən axan qazıntı yanacaqlarından asılılığı üzə çıxarıb. Bu vəziyyət BMT-nin daha ucuz və dayanıqlı bərpaolunan enerjiyə sürətli keçid arqumentlərini gücləndirir.

NUHÇIXAN BMT-nin analitik məlumatına istinadla xəbər verir ki, dünya neft və qaz tədarükünün beşdəbirinin keçdiyi Fars körfəzindəki Hörmüz boğazının İran, ABŞ və İsrail, eləcə də daha az dərəcədə digər ölkələr arasında münaqişə başlayandan bəri gəmiçilik üçün bağlanması qlobal enerji böhranına səbəb olub. Təchizatdakı fasilələr artıq dünya ölkələrinin enerji istehsal etməsi üçün ehtiyac duyduğu qazıntı yanacaqlarına çıxışın azalması ilə nəticələnib və bu, qlobal bazarları sarsıdaraq qiymətlərin artmasına gətirib çıxarıb.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, Hörmüz boğazının bağlanmasının yaratdığı maneə enerji təhlükəsizliyinin artıq yalnız təchizatla bağlı deyil, həm də dayanıqlılıq və getdikcə qeyri-sabit dünyada alternativ enerji mənbələri tapmaqla əlaqədar olduğunu vurğulayır.

Qazıntı yanacaqlarının istifadəsi ilə bağlı narahatlıq emissiya olunan qazların istiləşmə təsirlərinə görə iqlim dəyişikliyi ilə əlaqələndirilirdi, lakin indi enerji təhlükəsizliyi daha çox diqqət mərkəzinə düşüb. BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, bu müharibə dövründə qazıntı yanacaqlarından asılılıq həm iqlimə, həm də qlobal təhlükəsizliyə xələlə gətirir. Yaxın Şərqdə müharibənin başlamasından bəri getdikcə daha çox aydın olur ki, əhəmiyyətli neft və qaz təchizatı münaqişəyə həssas bölgələrdə cəmləşib, nəqliyyat marşrutları hərbi eskalasiya nəticəsində pozula bilər və qiymət dəyişkənliyi iqtisadiyyatlara sürətlə yayılır.

Dünya ölkələri vətəndaşların gündəlik ehtiyaclarını ödəmək və iqtisadi artımı sürətləndirmək üçün qazıntı yanacaqlarına etibar etməyə davam etdikcə, onların qəfil təchizat kəsintilərinə əvvəlkindən daha çox həssas olduqları aydın olub. Enerji tələbatı artdıqca, təchizatın yüksək səviyyədə olmasını təmin etmək üçün digər ölkələrlə sabit və strateji münasibətlər lazımdır.

A. Quterreş vurğulayıb: “Bəşəriyyətin təxminən 70 faizi nəzarət etmədiyi enerjidən asılı olan, proqnozlaşdıra bilmədikləri qiymətlərlə qazıntı yanacaqlarının xalis idxalçısı olan ölkələrdə yaşayır".

BMT-nin Baş katibi, həmçinin inkişaf büdcələrinin geosiyasi qarışıqlıq və təchizat kəsintilərinin daimi təsiri altında yanacaq xərclərinin artması riski barədə xəbərdarlıq edərək israr edib: “Biz qazıntı yanacaqlarından uzaqlaşmanı tabu kimi qəbul etməyi dayandırmalıyıq”.

Qazıntı yanacaqlarına çıxışın olmamasının yaratdığı böhran və xaosdan qorunmağın həlli Günəş, külək və su enerjisi kimi bərpaolunan mənbələrə keçiddir. Bunlar geniş əlçatan və potensial olaraq daha ucuz olan fərqli enerji təchizatı modeli təklif edir. Bərpaolunan enerji çox vaxt yerli mənbələrdən əldə edilir, ölkələrin özündə istehsal olunur və beləliklə, geosiyasi böhranların səbəb ola biləcəyi qlobal təlatümlərə daha az həssasdır.

BMT-nin iqlim üzrə rəhbəri Saymon Still vurğulayıb ki, bərpaolunan mənbələr enerji təhlükəsizliyinə və suverenliyinə aparan ən aydın və ucuz yoldur, ölkələri və iqtisadiyyatları müharibələr, ticarət qarışıqlığı və hər bir milləti daha yoxsul edən siyasətinin yaratdığı şoklardan qoruyur.

BMT qeyd edir ki, qazıntı yanacağı mənbələrindən bərpaolunan enerjiyə keçid artıq başlayıb. Şərqi Afrikada yerləşən Keniya elektrik enerjisinin böyük hissəsini bərpaolunan mənbələrdən istehsal edərək geotermal enerji sahəsində qlobal liderə çevrilib. Cənubi Amerika ölkəsi Çili dünyanın ən sürətlə böyüyən bərpaolunan enerji bazarlarından biridir. Bu ölkə Atakama səhrasında rast gəlinən təbii şəraitdən istifadə edərək, Günəş və külək enerjisini genişləndirmək yolu ilə kömürlə işləyən elektrik enerjisi istehsalından uzaqlaşıb. Hindistan da Günəş və külək infrastrukturunu genişləndirməyə, bərpaolunan enerji mənbələrini milli inkişaf və elektrikləşdirmə strategiyalarına inteqrasiya etməyə diqqət yetirir, baxmayaraq ki, hələ də adətən Fars körfəzi ilə həmsərhəd ölkələrdən Hörmüz boğazı vasitəsilə çatdırılan neft və qazdan çox asılıdır.

Analitik məlumatın sonunda vurğulanıb: “Enerji təhlükəsizliyi suveren ölkələrin həll etməli olduğu artan geosiyasi problem olsa da, bu, həm də dərin şəxsi məsələdir və dünyanın hər yerindəki ailələrə və fərdlərə təsir göstərir, çünki insanlar daha yüksək enerji xərcləri və ümumilikdə, həyat şəraitinin pisləşməsi ilə qarşılaşırlar. BMT-nin məlumatına görə, əksər hallarda bərpaolunan enerji mənbələri kömür, neft və ya qazdan daha ucuzdur və buna görə də ev təsərrüfatları üçün elektrik enerjisi xərclərini birbaşa azalda bilər. Bərpaolunan enerji mənbələri, həmçinin icmalara birbaşa daha ucuz və sabit enerji təmin etməklə yanaşı, insanları gələcək qiymət artımlarından qoruya bilər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: