Ukrayna və Suriya səfirliklərin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər

A- A A+

Ukrayna və Suriyada bu ölkələrin səfirlikləri yenidən açılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial media hesabındakı paylaşımında məlumat verib.

Nazir bildirib ki, bu gün Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə danışıqlar aparıb və tərəflər bir sıra vacib məsələləri, eləcə də təşəbbüsləri müzakirə ediblər. Avropa və Yaxın Şərqin təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğu vurğulanıb və bu mövzu əsas diqqət mərkəzində olub.

“Xalqlarımız üçün davamlı sülhə nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik. Həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malik sahələr – ticarət, dəniz yollarının inkişafı və logistika məsələlərini müzakirə etdik”, – deyə Sibiqa qeyd edib.

Nazir qida təhlükəsizliyinin də prioritet olaraq qaldığını vurğulayıb. O əlavə edib ki, Ukrayna regionda sabitliyi dəstəkləmək üçün Ukraynadan taxıl təşəbbüsü vasitəsilə töhfə verməyə hazırdır.

Sibiqa bildirib ki, diplomatik münasibətlərin bərpası ilə bağlı Birgə Kommünikenin imzalanmasından sonra ikitərəfli ticarət doqquz dəfə artıb və bunun daha da genişləndirilməsi üçün imkanlar mövcuddur.

Tərəflər humanitar və təhsil sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Qeyd olunub ki, Suriyadan olan bir çox tələbə Ukraynada təhsil alıb və almaqda davam edir ki, bu da gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Nazir yekunda bildirib ki, tərəflər yaxın vaxtlarda Kiyev və Dəməşq şəhərlərində səfirliklərin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: