Yaxın Şərqdə texnologiyalar müharibəsi

Atıcı silahla helokipteri nişan almaq məcburiyyətindən kosmosdan zərbə endirmək imkanlarına qədər

A- A A+

Hər bir silahlı münaqişə fəlakət və dağıntılara səbəb olur. Hərbi əməliyyatlar zamanı mülki infrastrukturun və günahsız əhalinin zərər görməsi hümanitar böhranı da özü ilə bərabər gətirir. Yüksək dağıdıcı gücə malik silahların tətbiq edildiyi bir zamanda nüvə təhlükəsi riski də qaçınılmazdır. Son zamanlarda dağıntıların miqyasının daha da genişləndiyi Yaxın Şərqdə tətbiq edilən silah texnologiyaları diqqət və maraqları üzərinə çəkib. Belə ki, həmin regionda tətbiq olunan arsenal həm rəsmi dövlət ordularının, həm də qeyri-dövlət silahlı qruplaşmalarının inventarında yer alan ənənəvi və modern sistemlərin mürəkkəb sintezini təşkil edir. Gərginliyin hərbi fazaya keçməsi regionda həm klassik, həm də beşinci nəsil silah sistemlərinin genişmiqyaslı qarşıdurması ilə müşayiət olunur. 

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar müasir müharibə strategiyasının yeni paradiqmalarını ortaya qoymaqla, həm hava hücumu, həm də müdafiə müstəvisində geniş spektrli yüksək texnologiyalı silahlardan istifadəni ehtiva edir. ABŞ tərəfi əsasən uzaqmənzilli strateji bombardmançılar və dəqiq idarə olunan raketlərlə nüvə obyektlərini hədəf seçib. Məsələn, nüvə obyektlərinə zərbə endirmək üçün B-2 görünməz bombardmançılarından, səsdən sürətli B-1 ağır bombardmançılarından, F-35 və F-22 beşinci nəsil qırıcılarından, yerüstü hədəfləri vurmaq üçün A-10 hücum təyyarələrindən istifadə olunur. Amerika Birləşmiş Ştatalarının raket və bombalarına gəldikdə isə, əsasən dərin bunkerləri dağıtmaq üçün nəzərdə tutulmuş “betondələn” aviabombalardan, “Tomahawk” qanadlı raketlərindən, kəşfiyyat və zərbə PUA-larından, İranın ballistik raketlərinə qarşı “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemlərindən istifadə olunur. Bu əməliyyatlarda təyyarədaşıyan gəmilər, strateji yanacaqdolduran təyyarələr, kəşfiyyat-patrul vasitələri və adları ictimaiyyətə açıqlanmayan məxfi texnoloji elementlər də mühüm rol oynayır. 

İsrail öz əməliyyatlarını “Yüksələn Şir” kod adı altında həyata keçirərək, əsas diqqəti regional hava üstünlüyünün tam təmin edilməsinə yönəldib. İranın hava hücumundan müdafiə sistemlərini iflic etmək məqsədilə F-35 qırıcılarının imkanlarından maksimum istifadə olunub. Uzaqmənzilli raketlər və dəqiq idarə olunan sürsatlarla yanaşı, xüsusi qüvvə və vasitələr də döyüşlərdə tətbiq edilir. 
Döyüşən orduları müqayisə edən hərbi analitiklərin müqayisəli təhlillərinə görə, ABŞ illik təxminən 997 milyard dollarlıq müdafiə büdcəsi ilə dünyanın ən güclü və ən yaxşı maliyyələşdirilən ordusuna sahibdir. Məhz ABŞ 13 mindən çox hərbi təyyarə ilə dünyada ən böyük aviasiya parkına malikdir. ABŞ arsenalında təxminən 5200 nüvə başlığı var. Qarşı tərəfdə isə İranın təxminən 610 min nəfərlik aktiv hərbi heyəti və Yaxın Şərqin ən müxtəlif raket arsenallarından biri dayanır. Aşağı hündürlükdə uçaraq yerüstü hədəfləri vurmaq üçün proqramlaşdırılan bu raketlərin dəqiq sayı hələ də sirr olaraq qalır. Hazırda rəsmi Tehran öz müdafiə və hücum strategiyasını əsasən raket texnologiyası, pilotsuz uçuş aparatları və dəniz komponentləri üzərində qurub. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin komanda mərkəzlərini və bölgədəki ABŞ bazalarını hədəf aldığını bəyan edərək, əməliyyatlarda “İmad”, “Qiyam”, “Xürrəmşəhr” tipli ballistik raketlərindən, “Şahed” tipli dronlardan intensiv istifadə edildiyini açıqlayıb.

Mövcud hərbi-siyasi mənzərə göstərir ki, texnoloji üstünlük ABŞ-İsrail tandeminin tərəfində olsa da, İranın geniş və şaxələnmiş raket şəbəkəsi müharibənin hər iki tərəf üçün ağır itkilər və mürəkkəb ssenarilərlə keçməsinə səbəb olur. Yüksək texnologiyalı silahlar və dəqiq zərbə imkanları müttəfiqlərə strateji üstünlük qazandırsa da, münaqişənin gedişində İranda 82 mindən çox mülki və hərbi obyektin zərər görməsi itkilərin miqyasından xəbər verir. ABŞ və İsrail aviasiyasının İran səmalarında sərbəst manevrləri, hətta bu vasitələrə qarşı yerdən yalnız atıcı silahlarla mübarizə aparılması İranın hava hücumundan müdafiə sisteminin çökdüyünü təsdiqləyir. 

Buna baxmayaraq, müharibənin yekun nəticəsi və mütləq qələbənin formulu ətrafında qeyri-müəyyənliklər qalmaqdadır. Ən təhlükəli məqam isə bu münaqişənin regionda nüvə silahlanması yarışını sürətləndirməsi və qlobal nüvə müharibəsi riskini artırmasıdır. Beynəlxalq mediada yer alan məlumatlar göstərir ki, Şimali Atlantikadan Qərbi Sakit Okeana qədər bir çox hökumət artıq öz nüvə arsenallarını yaratmaq ehtiyacını açıq müstəvidə müzakirə edir. Hətta əvvəllər ABŞ-nin nüvə çətiri altında özünü təhlükəsiz hiss edən Polşa və Almaniya kimi ölkələr, Fransanın bu çətiri Avropa qitəsinə qədər genişləndirmək niyyətinə müsbət yanaşmağa başlayıblar. Eyni zamanda, ABŞ-nin nüvə sınaqlarını bərpa etmək imkanlarını nəzərdən keçirməsi vəziyyətin ciddiliyini bir daha nümayiş etdirir.

Haqqında danışdığımız Yaxın Şərq münaqişəsi həm də geosiyasi müttəfiqliklərin dözümlülük sınağıdır. ABŞ prezidenti Donald Trampın Avropadakı müttəfiqlərini, xüsusilə də “kağız pələng” adlandırdığı NATO üzvlərini bu münaqişədə yetərincə dəstək göstərməməkdə ittiham etməsi, hətta ABŞ-nin NATO-dan çıxacağı ilə bağlı Alyansı hədələməsi də qeyri-müəyyənliyi artırır. Görünən odur ki, bu münaqişədə hələ də, mütləq bir qalibin adını çəkmək çətindir. Çünki, İsrail hərbi hədəflərinə nail olsa da, ABŞ Mərkəzi Komandanlığı İranın dəniz və hava qüvvələrinin iflic edildiyini, 8000-dən çox hərbi hədəfin sıradan çıxarıldığını bəyan etsə də, regionda dayanıqlı sabitlik hələ də üfüqdə görünmür. Diplomatik çıxış yolları axtarışda olsa da, yeganə arzuolunan sonluq daha böyük itkilərin qarşısının alınması və tərəflərin qalıcı sülh naminə ortaq məxrəcə gəlməsidir. 

Nəriman Nəcəfov
NUHÇIXAN


 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: