Cənubi Koreyanın kurort zonası hesab olunan Cecu adasında şiddətli yağış və güclü külək səbəbindən hava limanının işi pozulub.
NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, Cecu beynəlxalq hava limanında aprelin 9-da həyata keçirilməli olan 82 yerli və 6 beynəlxalq uçuş ləğv edilib. Bundan başqa, 23 daxili uçuş təxirə salınıb, paytaxt Seul və Çinin Şanxay şəhərlərindən yola düşən daha 2 təyyarə isə adaya enə bilməyərək geri qayıdıb.
Əlverişsiz hava səbəbindən Cecu ilə yaxınlıqdakı digər 3 ada arasında bütün sərnişin bərələrinin fəaliyyəti də dayandırılıb.
Koreya meteorologiya qurumu aprelin 10-dək ölkədə yağış yağacağını, xüsusilə də Cecu adası və Cənub sahil bölgələrində ildırım, şimşək və küləklə müşayiət olunan güclü yağış müşahidə olunacağı barədə xəbərdarlıq edib. Bəzi bölgələrdə yağıntının miqdarının 150 millimetrə çatacağı gözlənilir.
