İmperator pinqvini Antarktidada iqlim dəyişikliyinin yaratdığı təhlükələr səbəbindən Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) yeni Qırmızı siyahısına nəsli kəsilmək təhlükəsi altında olan növ kimi daxil edilib.
NUHÇIXAN xəbər verir ki, IUCN-in məlumatına görə, dəniz buzunun əriməsi nəticəsində temperaturun yüksəlməsi səbəbindən 2080-ci illərə qədər imperator pinqvinlərinin populyasiyası iki dəfə azalacaq.
“Qeyd olunan bu növ dəniz buzu ilə sıx bağlıdır. Lakin 2016–2017-ci illərdən etibarən Antarktida ətrafında buz örtüyünün ümumi sahəsində əhəmiyyətli azalma baş verib və buna görə də onun sağ qalması çox çətin olacaq”, – deyə Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) tədqiqatçısı Kristof Barbro AFP agentliyinə bildirib.
IUCN-in Qırmızı kitabında pinqvinlərin bu növü “nəsli kəsilməyə yaxın olan” kateqoriyadan “nəsli kəsilmək təhlükəsi altında olan” kateqoriyaya keçirilib.
“Müxtəlif potensial təhlükələri diqqətlə qiymətləndirdikdən sonra belə nəticəyə gəldik ki, insan fəaliyyəti ilə bağlı iqlim dəyişikliyi imperator pinqvinləri üçün ən ciddi təhlükədir”, – deyə IUCN-in yeni qiymətləndirməsi üzərində işləyən ekspert qrupunun üzvü Filip Treyteyn qeyd edib.
Bu quşlar buzdan asılı olan və getdikcə daha nadir hala gələn növlərlə (balıq, kalmar, kril və s.) qidalanır. Dəniz buzunun parçalanması və yox olması yumurtaları pəncələri arasında saxlayaraq isitmək üçün məhz bu düz və sabit səthi seçən iri pinqvinlərin çoxalmasına da təhlükə yaradır.
Daha sonra balalar su keçirməyən lələklər əmələ gələnədək böyüyür. Lakin onların kiçik pəncələrinin altındakı buz çox tez əridikdə, boğulmaq və ya donmaq riski ilə üzləşirlər.
Kristof Barbronun sözlərinə görə, hazırda dəniz buzunda və iqlimdə dəyişikliklər çox sürətlə baş verir. İmperator pinqvinlərinin bu təhlükəli şəraitə uyğunlaşmaq üçün kifayət qədər vaxtının olmayacağı ilə bağlı narahatlıqlar da var.
