Ukrayna üçün Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar yanacaq böhranı fonunda dizel çatışmazlığı əsas problemə çevrilə bilər.
NUHÇIXAN “Novini.Live”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq bir il müddətinə yanacaq tədarükünün alınması ilə bağlı Yaxın Şərq ölkələri ilə razılığa gəlib. Bu addım mümkün qlobal çatışmazlıq halında ehtiyat tədbiri kimi nəzərdə tutulur.
O, həmçinin Ukrayna üçün yanacaq qiymətlərinin “normal səviyyədə olacağını” qeyd edib. Prezident vurğulayıb ki, qiymətlərə təsir edən ən mühüm amillər Yaxın Şərqdə atəşkəsin təmin olunması və Hörmüz boğazının açıq qalmasıdır.
“Biz mütləq yanacaqsız, xüsusilə də dizel yanacağı olmadan qalmayacağıq. Bu, ən vacib məsələdir”, – deyə Ukrayna Prezidenti bildirib.
Dövlət başçısı əlavə edib ki, hətta ABŞ və İran arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazının açıq qalacağına tam əminlik yoxdur. “Buna görə də biz Yaxın Şərq tərəfdaşları ilə yanacaqla bağlı əvvəlcədən razılaşmalar əldə edirik. Çünki əkin mövsümümüz, silahlı qüvvələrimiz və əhalimizin ehtiyacları var. Əsas problem dizel yanacağıdır”, – deyə Zelenski vurğulayıb.
O, əlavə edib ki, yanacaq qiymətləri ilə bağlı məsələlər də gündəmdədir. Hakimiyyət artıq bu mövzunu özəl sektor, əsas enerji təchizatçıları və dövlət şirkətləri ilə müzakirə edib.
