Çinin Kosmos Agentliyi “Çanye-7” zondunun ilin ikinci yarısında Aya göndəriləcəyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, cihaz artıq Haynan adasındakı Vençan buraxılış məntəqəsinə gətirilib. Qarşıdakı aylarda buraxılışqabağı bir neçə test həyata keçiriləcək.
Qeyd edək ki, Çin Yerin təbii peykinin tədqiqinə 2007-ci ildə “Çanye-1” missiyası ilə başlayıb. 2013-cü ildə “Çanye-3” cihazı Ayın səthinə yumşaq eniş edib. 2020-ci ildə “Çanye-5” Ayın yaxın tərəfindən, 2024-cü ildə isə “Çanye-6” Ayın görünməyən tərəfindən süxur nümunələri gətirib. Bu, bəşəriyyət tarixində Ayın görünməyən tərəfindən Yerə ilk dəfə süxur gətirilməsidir.
Çin 2030-cu ilə qədər astronavtlarını Aya göndərməyi hədəfləyib. Bundan başqa, Çin Rusiya ilə birlikdə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması layihəsini açıqlayıb.
2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Çinin və Azərbaycanın kosmik agentlikləri Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması üzrə əməkdaşlığa dair sənəd imzalayıb. Ay stansiyasının əsas modeli 2028-ci ilə qədər tamamlanacaq və Ay səthinin tədqiqi, missiyanın əsas sistem və avadanlıqlarının sınaqdan keçirilməsi üçün istifadə olunacaq. 2040-cı ilə qədər alimlər Günəş, Ay və Yerin təbiəti ilə bağlı yeni kəşflər etdikdə stansiyanın daha da təkmilləşdirilməsi planlaşdırılır.
