Gürcüstanda faktiki olaraq hər ikinci vətəndaşın kredit borcu var, hər onuncu şəxs isə kredit ödənişlərini gecikdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Kreditinfo Gürcüstan”ın 2026-cı ilin mart ayına dair son statistik məlumatlarında qeyd olunub. Bildirilir ki, ölkədə kreditlər üzrə gecikmə səviyyəsi əhalinin 10,1 faizini təşkil edir.
2026-cı il martın 31-nə olan vəziyyətə görə, Gürcüstanda 1 milyon 984 min 700 nəfərin kredit borcu var. Onlardan 372 min 477 nəfərin ödənişlərində 30 gündən artıq gecikmə qeydə alınıb. Bu isə Gürcüstan Milli Statistika Xidmətinin son məlumatına əsasən, 3 milyon 704 min 506 nəfər olan ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edir.
Statistikaya görə, 30 gündən çox gecikməsi olan şəxslərin sayı son bir ildə 7 min 068 nəfər artıb, son bir ayda isə 1 182 nəfər azalıb. Müqayisələrə əsasən qeyd edilir ki, 2026-cı ilin fevral ayının sonunda bu göstərici 373 min 659 nəfər, 2025-ci ilin martında isə 365 min 409 nəfər olub.
Eyni zamanda, 2026-cı il martın 31-nə olan vəziyyətə əsasən, kredit borcunu ödəyə bilməyənlərdən 101 min 026 nəfər kommersiya banklarının müştərisidir. Qalanı isə Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə və kredit təşkilatları) və təşkilatların (tikinti şirkətləri, distribütorlar, lizinq şirkətləri və s) qarşısında borcludur.
Gecikmiş kreditlər üzrə ümumi qalıq borc 2,933 milyard lari təşkil edir ki, bu da maliyyə sektoru tərəfindən verilmiş ümumi kredit portfelinin 3,8 faizinə bərabərdir.
Ümumilikdə isə ölkədə verilmiş kreditlərin ümumi həcmi 77,2 milyard larini ötür.
