Almaniyanın Hamburq limanında narkotik qaçaqmalçılığına qarşı keçirilən əməliyyat nəticəsində 1,6 ton kokain ələ keçirilib.
NUHÇIXAN xəbər verir ki, ölkənin gömrük və hüquq-mühafizə orqanlarının yaydığı məlumatda narkotik vasitənin Ekvadordan göndərildiyi və banan yüklərinin içində gizlədilmiş konteynerdə aşkarlandığı bildirilib.
Hamburq limanının təhlükəsizliyi mərkəzindən daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı konteynerlərdən birində içərisində kokainin olduğu 1600 paket aşkarlanıb. Müəyyən olunan kokainin 30 milyon avro dəyərində olduğu təxmin edilir.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Bu əməliyyat narkotik cinayətkarlığına qarşı ciddi zərbə kimi dəyərləndirilir. Son dövrdə Avropanın iri limanları, o cümlədən Hamburq da narkotik qaçaqmalçılığı halları ilə üzləşir. Müxtəlif cinayətkar qruplar və narkotik kartelləri konteyner daşımalarından geniş istifadə edərək böyük həcmdə narkotik vasitələri Avropaya daxil etməyə çalışırlar.
