Türkiyə Prezidenti fransalı həmkarı ilə bölgədə sülh üçün diplomatik vasitələrin əhəmiyyətindən bəhs edib
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
NUHÇIXAN Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına istinadən xəbər verir ki, iki ölkə lideri ikitərəfli münasibətlərin vəziyyəti və perspektivlərini, eləcə də regional və qlobal hadisələri ətraflı müzakirə ediblər.
Türkiyə Prezidenti Fransa ilə qarşılıqlı faydalı əməkdaşlığın, xüsusən də müdafiə sənayesinin hərtərəfli inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Regional böhranlarla bağlı Türkiyə lideri İran ətrafındakı gərginliyin qlobal proseslərə mənfi təsirinə diqqət çəkib. Onun sözlərinə görə, Ankaranın bir sıra digər ölkələrlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirdiyi diplomatik səylər atəşkəs razılaşmasının əldə edilməsində həlledici rol oynayıb. Prezident Ərdoğan bölgədə davamlı sülhün bərqərar olmasında diplomatik rıçaqların əhəmiyyətini vurğulayıb.
Livandakı vəziyyətlə bağlı Türkiyə lideri atəşkəs səylərini sabotaj etmək cəhdlərinin qəbuledilməz olduğunu və Türkiyənin bu prosesə mümkün qədər töhfə verməyə davam edəcəyini bildirib.
Liderlər, həmçinin beynəlxalq hüququn tələbləri nəzərə alınmaqla Hörmüz boğazında gəmiçilik azadlığı məsələlərini, eləcə də Suriyadakı hadisələri, Cənubi Qafqazda sülh prosesinin inkişaf etdirilməsi səylərini, Ukrayna ilə Rusiya arasında davamlı sülhə aparan yolların axtarışını və danışıqların bərpasını ətraflı müzakirə ediblər.
