Macarıstanda keçirilən parlament seçkilərindən sonra Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlara bu ölkəyə səyahət tövsiyələrini ləğv edib.
NUHÇIXAN bu barədə xarici işlər naziri Andrey Sibiqanın açıqlamasına istinadla xəbər verir.
Nazir qeyd edib ki, aprelin 12-də Macarıstanda seçki kampaniyasının başa çatması ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi vətəndaşlara əvvəlki səyahət tövsiyələrini ləğv edir.
“Ukraynaya qarşı təəssüf doğuran manipulyasiyalarla dolu olan bu seçki kampaniyası artıq başa çatıb. Bu o deməkdir ki, həmin məhdudiyyətlərə səbəb olan təxribatların artan riski öz intensivliyini itirib”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Kiyev seçkilərin nəticələrinin ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verəcəyini gözləyir.
Xarici işlər naziri vurğulayıb ki, Ukrayna bu məqsədə doğru səy göstərməyə hazırdır.
Eyni zamanda, o, gələcək münasibətlərlə bağlı realistik gözləntilərə çağırıb.
“Qarşıda ortaq məxrəc tapmaq, qarşılıqlı hörməti bərpa etmək və ümumi praqmatik maraqları reallaşdırmaq üçün əziyyətli, praqmatik və sakit iş prosesi var. Xalqlarımız bu yolla getməyə layiqdirlər və biz iki ölkənin, habelə bütövlükdə Avropanın maraqları naminə mehriban qonşuluq münasibətlərini bərpa etmək üçün çalışacağıq”, - deyə nazir sözlərini yekunlaşdırıb.
