Türkiyə qırıcılarının Somalidəki uçuşları dünya gündəmində

A- A A+

Afrikadakı terror qruplaşmaları ilə mübarizədə Türkiyə nümunəsi öz sözünü deyir.

Türkiyənin Afrika qitəsində terrorla mübarizədə nümayiş etdirdiyi dəstək modeli növbəti dəfə dünya gündəmində yer alıb. Belə ki, Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri Somalidə möhtəşəm hava şousu nümayiş etdiriblər. NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, F-16 qırıcı təyyarələri ATAK və Cougar helikopterləri ilə birlikdə Somali Milli Ordusunun yaradılmasının 66-cı ildönümü münasibətilə keçirilən xüsusi hava şousunda salamlama uçuşu ediblər. Somali Prezidenti Hasan Şeyx Mahmudun da iştirak etdiyi bu mərasim, sadəcə bir nümayiş deyil, iki ölkə arasındakı dərin müdafiə əməkdaşlığının simvolik göstəricisi kimi qiymətləndirilir.

Son illərdə Türkiyə Somaliyə strateji tərəfdaşlığa əsaslanan hərbi təlim, avadanlıq və məsləhət dəstəyi verməklə bu ordunun modernləşdirilməsi prosesinə əhəmiyyətli töhfələr verib. Həm də Somalidə Türkiyə Əməliyyat Qüvvəsi-TÜRKSOM bazasının mövcudluğu bölgədə sabitlik səylərinə töhfə verməklə yanaşı, Somali təhlükəsizlik qüvvələrinin təlimində və potensialının inkişaf etdirilməsində mühüm rol oynayır. Türkiyənin xaricdəki ən böyük hərbi bazası olan bu mərkəz, Somali ordusunun modernləşdirilməsində və "Gorgor" komandoları kimi xüsusi təyinatlı qüvvələrin hazırlanmasında həlledici rol oynayır. Türkiyə Somali dəniz sularının qorunmasına dəstək verməklə yanaşı, 2025-ci ilin dekabrından etibarən bu ölkədə kosmik liman tikintisinə də başlayıb. Türkiyənin verdiyi hərbi dəstək terror qruplaşmalarına qarşı mübarizədə Somalinin əsas sütunlardan biri hesab olunur.

Göründüyü kimi, Türkiyə və Somali arasındakı hərbi əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməklə, həm təhlükəsizlik, həm də dəniz suverenliyini əhatə edən genişmiqyaslı əməkdaşlığı özündə birləşdirir. Azərbaycanın da bu prosesə töhfə verməsi ilə əlaqələr Türkiyə-Somali-Azərbaycan hərbi-siyasi əməkdaşlıq formatına yüksəlib. Hər üç ölkənin bir-biri ilə olan sıx münasibətləri regionda yeni bir güc mərkəzinin yaranmasına təkan verir. Buna görə də Azərbaycanın da iştirakı ilə Türkiyə-Somali-Azərbaycan hərbi-siyasi əməkdaşlıq formatı inkişaf etdirilir.

Bir sözlə, Türkiyənin hərbi dəstəyi Somalinin terrorçuluğa qarşı mübarizədə ən böyük güvən yerinə çevrilib. Somali səmasındakı uçuşlar da Türkiyənin Afrikadakı müdafiə diplomatiyasının gücünü dünyaya nümayiş etdirdi. Bu cür tədbirlər həm bölgədəki sabitlik səylərinə töhfə verir, həm də Türkiyənin müdafiə sənayesi məhsullarının beynəlxalq nüfuzunu və marketinq imkanlarını daha da artırır.

Nəriman Nəcəfov

NUHÇIXAN

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: