Çinin süni intellekti 10 il ərzində həll edilməyən riyazi məsələnin öhdəsindən gəlib

A- A A+

Çinin süni intellekt sistemi on ildən artıq müddətdə açıq qalan riyazi məsələni müstəqil şəkildə həll edə bilib. Tədqiqatı Pekin Universitetinin komandası təqdim edib. NUHÇIXAN xəbər verib ki, bu barədə “South China Morning Post” (SCMP) portalı məlumat yayıb.

Söhbət 2014-cü ildə Ayova Universitetinin riyaziyyatçısı tərəfindən irəli sürülmüş riyazi məsələdən gedir. Mütəxəssislərin cəhdlərinə baxmayaraq, bu vaxta qədər onun həlli mümkün olmayıb.

Yeni yanaşmanın əsas özəlliyi sistemin tam muxtar fəaliyyət göstərməsidir. O, yalnız hazır nəzəriyyələri yoxlamayıb, həm də bütün elmi prosesi müstəqil şəkildə həyata keçirib: fərziyyələr irəli sürüb, onları sınaqdan keçirib və nəticədə sübut tapıb. Süni intellekt sahəsində əvvəlki həllərdən fərqli olaraq, prosesin ara mərhələlərində insan müdaxiləsinə ehtiyac olmayıb.

Proqramın hazırlanması ikiagentli arxitekturaya əsaslanır, belə ki, alqoritmlər riyazi məkanı araşdıraraq bir-biri ilə qarşılıqlı əlaqədə olub və həlləri mərhələli şəkildə dəqiqləşdirib. Bu yanaşma sistemə xarici ipucları olmadan təsdiqlənmiş nəticə əldə etməyə imkan verib.

Daha əvvəl bu sahədə “DeepMind” şirkətinin “AlphaProof” sistemi tərəfindən mühüm uğurlar nümayiş etdirilib, lakin əksər hallarda süni intellekt sübutların qurulması prosesində insan dəstəyinə ehtiyac duyub.

Ekspertlər qeyd edirlər ki, əldə olunan yeni nəticə muxtar elmi sistemlərin inkişafında mühüm addım ola bilər. Əgər əvvəllər süni intellekt əsasən hesablamaların sürətləndirilməsi üçün bir alət rolunu oynayırdısa, indi o, fundamental elmi problemləri müstəqil şəkildə həll etmək qabiliyyəti nümayiş etdirir.

Bu nailiyyət həm də süni intellekt sahəsində rəqabətin daha da gücləndiyini göstərir. Çin bu sahədə investisiyalarını və elmi potensialını fəal şəkildə artırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: