Gürcüstanın şimal-qərbində, Sameqrelo-Yuxarı Svaneti bölgəsinin Martvili bələdiyyəsinin ərazisində quduzluq faktı qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Agentliyin açıqlamasında deyilir ki, şübhəli statusla təcrid olunmuş və müşahidə altında olan Kutaisi sığınacağına aparılan küçə itində quduzluq aşkarlanıb və buna görə də karantin elan edilib.
“Aprelin 14-də Kutaisi sığınacağına aparılan və şübhəli statusla təcrid olunmuş küçə itində quduzluq aşkarlanıb. Milli Qida Agentliyi hadisə ilə bağlı bütün müvafiq qurumları məlumatlandırıb, quduzluğun aradan qaldırılması tədbirlərinə başlanılıb. Epidemiyanın yayıldığı ərazidə karantin elan edilib”, - deyə Agentliyin bəyanatında deyilir.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın iki bölgəsində quduzluq səbəbindən karantin elan olunub.
