Finlandiya Prezidenti Aleksandr Stubb Kanadaya ikigünlük səfərinə Ottavada Kanadanın Baş naziri Mark Karni ilə buz üzərində qeyri-rəsmi görüşlə başlayıb.
NUHÇIXAN xəbər verir ki, oyuna peşəkar qadın xokkey liqasının (PWHL) “Ottawa Charge” komandasının oyunçuları da qoşulub.
Stubb yeniyetməlik illərində xokkeyçi olub və 14 yaşına qədər oynamağa davam edib. Onun atası, tanınmış xokkey funksioneri Göran Stubb əvvəllər qeyd edib ki, istedadına baxmayaraq, oğlunun peşəkar oyunçu olmaq perspektivi olmayıb.
Aktiv idman həyatı ilə tanınan Finlandiya Prezidenti dünya liderləri ilə ünsiyyət üçün idmandan qeyri-rəsmi format kimi daha çox istifadə edir. Məsələn, bir il əvvəl o, ABŞ Prezidenti Donald Trampla qolf oynayıb.
Səfər zamanı ticarət, ikitərəfli münasibətlər, Arktika və NATO ilə bağlı problemlər müzakirə olunacaq. Kanadanın universitetlərindən birində müasir dünya nizamı ilə bağlı çıxış və müzakirə, eləcə də biznes seminarında iştirak da planlaşdırılır.
