Türkiyə İstanbulda əsas dəmir yolu keçidi layihəsini maliyyələşdirmək üçün Dünya Bankı ilə müqavilə imzalayıb
Türkiyə qitələrarası ticarət yollarının gücləndirilməsinə yönəlmiş İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) layihəsi üçün Dünya Bankı ilə 1,67 milyard avro (1,9 milyard dollar) məbləğində maliyyələşdirmə müqaviləsi imzalayıb.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, INRAIL layihəsi Bosfor boğazından yükdaşıma qabiliyyətini ildə 3 milyon tondan 50 milyon tona qədər artıracaq və 400 mindən çox işçi üçün daha yüksək gəlirli məşğulluq imkanı yaradacaq.
Müqaviləni Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek və Dünya Bankının əməliyyatlar üzrə idarəedici direktoru Anna Byerde Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz görüşləri zamanı imzalayıblar.
Şimşek bildirib ki, bu müqavilə Dünya Bankı tərəfindən təsdiqlənmiş üçüncü ən böyük layihədir. O əlavə edib ki, layihənin ümumi maliyyələşdirilməsi 8,1 milyard dollar təşkil edir ki, bunun da təxminən 83 faizi beynəlxalq maliyyə qurumlarından gəlir.
“Bu müqavilə maliyyələşdirməni təmin edir, standartları gücləndirir və qlobal bazarlara açıq bir etimad siqnalı göndərir”, - deyə o bildirib.
INRAIL layihəsi İstanbul metropoliten ərazisindən keçərək Yavuz Sultan Səlim Körpüsü vasitəsilə Bosfor boğazından keçən 127 kilometrlik elektrikləşdirilmiş yüksəktutumlu dəmir yolu xəttinin tikintisini əhatə edir. Bunun yük və sərnişin dəmir yolu tutumunu əhəmiyyətli dərəcədə artıracağı, logistika xərclərini azaldacağı, İstanbulun iki hava limanını bir-birinə və milli dəmir yolu şəbəkəsinə birləşdirəcəyi, əsas milli və qitələrarası nəqliyyat dəhlizlərini gücləndirəcəyi gözlənilir. Onun, həmçinin boğazdan keçən illik dəmir yolu yükdaşıma tutumunu 3 milyon tondan 50 milyon tona qədər artıracağı gözlənilir.
Şimşek əlavə edib ki, INRAIL layihəsi Pekini Londonla birləşdirən ən sürətli ticarət yolu olan Orta Dəhliz boyunca ən böyük maneələrdən birini aradan qaldıracaq və tranzit müddəti cəmi 18 gün olacaq.
