Çinin xarici ticarət qapısı hesab olunan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan idxal və ixrac sərgi-yarmarkasının (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.
NUHÇIXAN xəbər verir ki, 3 mərhələdə keçiriləcək sərginin hər etapı 5 gün davam edəcək. 139-cu Kanton sərgisində rekord sayda – 32 mindən çox şirkət 4,65 milyon adda məhsul və xidmətlərini 9 tematik zonada nümayiş etdirir. Sərgiyə qatılmaq üçün xarici ölkələrdən təxminən 210 min alıcı qeydiyyatdan keçib. Bu, əvvəlki sərgi ilə müqayisədə 20 faiz çoxdur.
Qeyd edək ki, 1957-ci ildən bəri ildə iki dəfə keçirilən Kanton sərgisi Çinin xarici ticarətinin barometri sayılır. Kanton sərgisi ziyarətçilərin və iştirakçı şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə dünyada ən böyük, ən uzunmüddətli ticarət sərgi-yarmarkalarından biri hesab olunur. Kanton Çinin Kommersiya Nazirliyinin və Quandon vilayəti hökumətinin birgə təşkilatçılığı ilə yazda və payızda keçirilir.
