Çindən mart ayında Yaponiyaya səfər edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 55,9 faiz azalıb. Yaponiya Turizm Agentliyinin məlumatına görə, azalma ardıcıl 4 aydır müşahidə olunur.
NUHÇIXAN qurumun açıqlamasına istinadla xəbər verir ki, ilin birinci rübündə isə Çindən turist axını 54,6 faiz azalıb. Azalma tendensiyası Yaponiyanın Baş naziri Sanae Takaiçinin ötən ilin noyabrında Tayvan münaqişəsinə Yaponiya Özünümüdafiə Qüvvələrinin potensial cavabları ilə bağlı açıqlamalarından sonra ikitərəfli münasibətlərdəki soyuqluq fonunda baş verir. Həmin bəyanatdan sonra Çin öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi tövsiyə edib. Çin aviaşirkətləri isə Yaponiya istiqamətindəki uçuşları azaldıb.
Çinli turistlərin sayının azalması Yaponiyanın pərakəndə satış, hotelçilik, ictimai iaşə və digər əlaqəli sektorlarına da təsir göstərib. Ölkənin əsas pərakəndə satış şəbəkələrindən olan “Takashimaya” və “J.Front Retailing”in xalis gəlirləri son 5 ildə ilk dəfə azalıb. Agentliyin hesablamalarına görə çinli səyahətçilərin yanvar-mart aylarında xərcləri ötən ilə nisbətən iki dəfə azalaraq 271,5 milyard yenə (təxminən 1,71 milyard ABŞ dolları) düşüb.
Bu arada Çinin Tokiodakı səfirliyi aprelin 16-da Yaponiya tərəfini bir sıra terror təhdidlərini dərhal araşdırmağa, Çinin diplomatik nümayəndəliklərinin və işçilərinin təhlükəsizliyini təmin etmək üçün təsirli tədbirlər görməyə çağırıb. Səfirlik son zamanlar çoxsaylı təhdidlərə məruz qaldığını açıqlayıb.
Son günlər keçmiş polis zabitləri və özünümüdafiə qüvvələrinin keçmiş üzvləri olduqlarını iddia edən şəxslər səfirliyə təhdid məktubları göndərirlər. Martın 24-də isə Yaponiya Özünümüdafiə Qüvvələrinin zabiti bıçaqla divara dırmaşaraq səfirliyə daxil olub. Çin tərəfi hesab edir ki, bu cür hadisələr Çin diplomatik heyətinin və obyektlərinin təhlükəsizliyinə ciddi təhdidlər yaradır.
