Fred Hatç Onkoloji Mərkəzinin alimləri dünyada insanların təxminən 95 faizinin yoluxduğu Epşteyn–Barr virusuna qarşı terapiyanın hazırlanması istiqamətində irəliləyiş əldə ediblər. Bu virus bir sıra onkoloji və neyrodegenerativ xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
NUHÇIXAN xəbər verir ki, tədqiqatın nəticələri “Cell Reports Medicine” jurnalında dərc olunub.
Tədqiqatçılar insan anticisimləri sintez edə bilən genetik modifikasiya olunmuş siçanlardan istifadə edərək virusun immun hüceyrələrə bağlanmasının və onlara daxil olmasının qarşısını alan yeni monoklonal anticisimlər yaradıblar. Bu anticisimlərdən biri insandakı kimi immun sisteminə malik siçanlarda yoluxmanı tamamilə önləyib.
Belə terapiyaların hazırlanmasında əsas problemlərdən biri orqanizmdə dərmanın özünə qarşı immun reaksiyası yaratmayacaq anticisimlərin tapılmasıdır. Bu məqsədlə komanda virusun iki zülalına — “gp350” və “gp42”yə fokuslanıb. Birinci zülal virusun hüceyrəyə bağlanmasına, ikinci isə hüceyrə ilə birləşərək onun daxilinə keçməsinə cavabdehdir.
Nəticədə alimlər “gp350”yə hədəflənmiş iki, “gp42”yə qarşı isə səkkiz anticisim müəyyən ediblər. Edilən əlavə analizlər virusun zəif nöqtələrini müəyyən etməyə imkan verib ki, bu da vaksinlərin hazırlanması üçün mühüm addım ola bilər. Son eksperimentlərdə “gp42”yə qarşı anticisim infeksiyanı tam bloklayıb, “gp350”yə qarşı anticisim isə yalnız qismən qoruma təmin edib.
Bu tədqiqat xüsusilə də orqan və ya sümük iliyi transplantasiyasından keçmiş pasiyentlər üçün əhəmiyyətli ola bilər. İmmunosupressiv terapiya səbəbindən onlarda virusun aktivləşməsi riski artır və bu, transplantasiyadan sonrakı limfoproliferativ xəstəliklərin, yəni ağır limfoma formalarının yaranmasına səbəb ola bilər.
“Belə ağırlaşmalar transplantasiyadan sonra xəstələnmə və ölüm hallarının əsas səbəblərindən biri olur”, – deyə Vaşinqton Universitetindən Reyçel Bender İqnasio bildirib. Onun sözlərinə görə, virusun çoxalmasının qarşısının alınması bu riskləri azalda və müalicənin nəticələrini yaxşılaşdıra bilər.
Müəlliflər hesab edirlər ki, gələcəkdə bu anticisimlər yüksək risk qrupuna daxil olan pasiyentlərdə yoluxmanın və ya virusun yenidən aktivləşməsinin qarşısını almaq üçün infuziya şəklində tətbiq oluna bilər. Hazırda komanda təhlükəsizliyin yoxlanılması və klinik sınaqlara hazırlıq üzərində işləyir.
