İrakli Kobaxidze: Dünyada hadisələrin bu cür inkişafı şəraitində Cənubi Qafqaz böyük əhəmiyyətə malikdir
Gürcüstan yüklərin, xidmətlərin, enerjinin və rəqəmsal məlumatların sürətli çatdırılması üçün tranzit mərkəzidir. Gürcüstanın bu istiqamətdə funksiyasının gücləndirilməsi üçün bütün səylər göstəriləcək.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Gələcəyin müəyyənləşdirilməsi və risklərin idarə edilməsi” adlı liderlər panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünyada mövcud olan qeyri-müəyyənliklər və qlobal çətinliklər Cənubi Qafqaz regionuna da təsir edir. Lakin eyni zamanda, dünyada hadisələrin bu cür inkişafı şəraitində Cənubi Qafqaz böyük əhəmiyyətə malikdir.
“Gürcüstan uzun illərdir ki, Avropa ilə Asiya arasında etibarlı əlaqəni gücləndirmək üçün əlindən gələni edir. Hazırkı şəraitdə ticarət yollarının xüsusi çətinliklərlə üzləşdiyi bir vaxtda, əlbəttə ki, tərəfdaşlarımıza müxtəlif xidmətlər təklif edə bilərik”, - deyə Baş nazir əlavə edib.
