XİN rəhbərinin müavini: Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir
Azərbaycan kimi, Ermənistan da regionda kommunikasiyaların açılmasına böyük əhəmiyyət verir. Türkiyə də daxil olmaqla, bütün region ölkələri və qlobal oyunçular bu məsələyə maraq göstərirlər.
NUHÇIXAN xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bu fikirləri Antalyada keçirilən Diplomatik Forum (ADF2026) çərçivəsində “CNN Türk” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ermənistan ABŞ ilə birlikdə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində səylər göstərir. Nazir müavini layihənin icrası üçün çərçivəni müəyyən edən 13 yanvar tarixli Ermənistan-ABŞ birgə bəyanatını xatırladıb.
“TRIPP layihəsinin maliyyə tərəfi ilə bağlı işlər aparılır. Yaxın vaxtlarda beynəlxalq investorlar üçün təqdimatların keçirilməsi planlaşdırılır”, – deyə Vaan Kostanyan söyləyib.
O vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir.
Diplomat İran ətrafında mövcud gərginlik məsələsinə münasibət bildirərək qeyd edib ki, regionda sabitlik Ermənistan üçün çox vacibdir: “İran İslam Respublikası ətrafında gərginlik sonda regionun bütün ölkələrinə mənfi təsir göstərə bilər. ABŞ ilə İran arasında ziddiyyətlərin diplomatik yolla həll olunacağına ümid edirik. Bu, yeganə yoldur”.
