Ər-Riyadda dünyada ən böyük mükafat fonduna malik olan e-idman oyunları keçiriləcək

A- A A+

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad dünyanın ən böyük elektron idman yarışlarından birinə ev sahibliyi etməyə hazırlaşır. İyulun 6-dan avqustun 23-dək keçiriləcək Elektron İdman üzrə Dünya Kuboku rəqəmsal yarışlar sahəsində iştirakçı sayı, mükafat fondu və azarkeş təcrübəsi baxımından ən irimiqyaslı turnirlərdən biri hesab olunur.

NUHÇIXAN “ər-Riyad” qəzetinə istinadla xəbər verir ki, turnirdə 100-dən çox dövləti təmsil edən təxminən 200 klub iştirak edəcək. Yarışlara 2000-dən artıq peşəkar oyunçunun qatılması planlaşdırılır.

Çempionat 24 müxtəlif oyun üzrə keçiriləcək 25 yarışdan ibarət olacaq. Bu yarışlar atıcılıq, strategiya, döyüş və digər populyar janrları əhatə edəcək.

Fərdi oyunlar üzrə turnirlərlə yanaşı, xüsusi klublararası çempionat sistemi də tətbiq olunacaq. Bu formatda klublar müxtəlif oyunlarda topladıqları xallar əsasında ümumi sıralamada mübarizə aparacaqlar. Ümumi mükafat fondu isə təxminən 75 milyon ABŞ dolları təşkil edir ki, bu da elektron idman tarixində ən böyük mükafatlardan biri sayılır.

Yarışlarla yanaşı, tədbir çərçivəsində 50-dən çox müxtəlif əyləncə proqramını əhatə edən genişmiqyaslı festivallar təşkil olunacaq. Buraya oyun zonaları və musiqi səhnələri daxildir.

Bu mötəbər tədbirin təşkili Səudiyyə Ərəbistanının elektron idman sahəsində qlobal mərkəzə çevrilmək istiqamətində atdığı addımların bir hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, birinci çempionat 2024-cü ilin yayında ər-Riyadda keçirilib. 2023-cü ildə keçirilmiş təqdimat mərasimində isə Səudiyyə Ərəbistanının vəliəhdi əmir Məhəmməd bin Salman bin Əbdüləziz və FIFA-nın prezidenti Canni İnfantino iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: