Böyük Britaniyada məktəblərdə mobil telefonların istifadəsinə qoyulan qadağanın qanuni qüvvəyə minməsi planlaşdırılır.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, bu məsələ ilə bağlı təklif bu gün Lordlar Palatasında səsverməyə çıxarılacaq. Hökumət “Uşaqların rifahı və məktəblər haqqında” qanuna dəyişiklik edərək mobil telefon qadağasını rəsmi şəkildə qanuniləşdirməyi nəzərdə tutur.
Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, bu dəyişiklik artıq məktəblərdə tətbiq olunan qaydaların hüquqi əsasını təşkil edəcək.
Nazirlikdən verilən açıqlamada o da qeyd olunub ki, mobil telefonların məktəblərdə yeri yoxdur və məktəblərin əksəriyyəti artıq onları qadağan edib.
Bu dəyişiklik mövcud qaydaları qanuni statusa yüksəldir və məktəblərin artıq tətbiq etdiyi təcrübəyə hüquqi qüvvə verir. Bildirilir ki, yeni qərar nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində atılan addımların davamıdır.
