Almaniyanın avtomobil şirkətləri silah istehsal edəcək
Avropa İttifaqının hərbi strategiyasında “Səssiz hazırlıq”
Bitmək bilməyən Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin hərbi xərcləri artırılıb, eyni zamanda NATO-nun gücləndirilməsi üçün müdafiə xərclərində ümumi daxili məhsulun faizi qaldırılıb. Hətta ABŞ-İsrail tandeminin İranla hərbi toqquşması, xüsusilə də Trampın NATO-dakı müttəfiqlərini ittiham etməsi Avropa ölkələrini öz hərbi doktrinalarını yenidən nəzərdən keçirməyə vadar edir. Görünən odur ki, Avropa İttifaqı ölkələri sülhü qorumaq adı altında səssizcə müharibə hazırlıqlarını genişləndirirlər. Bu strateji hazırlıq həm müdafiə xərclərinin kəskin artırılması, həm də qitənin hərbi sənaye potensialının yenidən qurulması ilə müşayiət olunur. Xüsusilə də son dövrlər daha çox işlənən “müharibə iqtisadiyyatı” termini ilə tədbirlərin görülməsi diqqəti qoca qitəyə yönəldib. Bu strategiya, müdafiə sənayesinə daha çox dəstək verilməsini, hərbi istehsalın sürətləndirilməsini və Avropanın hərbi startda olduğunu bir daha nümayiş etdirir.
Bir müddət əvvəl yayılan xəbərlərdə Fransanın müdafiə qabiliyyətini kökündən gücləndirməyə hazırlaşdığı qeyd olunurdu. Belə ki, Fransa 2030-cu ilə qədər pilotsuz uçuş aparatları, aviasiya bombaları və raketlərin istehsalını ciddi şəkildə artırmağı planlaşdırır. Hətta Fransa kamikadze dronlarının ehtiyatını 400 faiz artırmağı hədəfləyir. Həmçinin, müdafiə büdcəsi 2030-cu ilə qədər tədricən artırılacaq. Əlbəttə ki, bu artım Fransanın NATO məqsədlərinə yaxınlaşmaq və Avropadakı hərbi mövcudluğunu artırmaq strategiyasının bir hissəsi kimi qəbul edilir.
İndi isə Almaniyanın da müdafiə sənayesini genişləndirmək xəbəri gündəmi zəbt edib. Belə ki, Almaniya iqtisadiyyatını müharibə vəziyyətinə keçirməyə, “Mercedes-Benz”, “BMW”, “MAN” və “Volkswagen” zavodlarını, xüsusən də Ukrayna üçün silah istehsalına yönəltməyə hazırlaşır. “The Wall Street Journal” (WSJ) nəşrinin yaydığı məlumata görə, Almaniya ixrac modelindəki böhran fonunda avtomobil istehsalından silah sənayesinə keçidi sürətləndirir. Bununla da Almaniya şirkətləri həm iqtisadi tənəzzülü kompensasiya etməyi, həm də yeni gəlir mənbələri yaratmağı hədəfləyir. Belə ki, “Volkswagen” “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməyi planlaşdırır, avtomobil hissələri istehsalçısı “Schaeffler” isə dronlar üçün mühərriklər, zirehli maşınlar üçün bort sistemləri və hərbi təyyarələr üçün komponentlər istehsalına başlayıb. Bir sıra şirkətlər də Ukrayna üçün silah və sursat istehsalı üçün üçüncü növbə əlavə ediblər. Patriot tutucuları da tezliklə Almaniyada istehsal olunacaq. Çünki, Almaniyanın silah ixracatının təxminən dörddə biri Ukrayna üçün nəzərdə tutulub.
Analitiklərə görə Almaniya iqtisadiyyatı, xüsusilə də avtomobil sənayesi İkinci Dünya Müharibəsindən bəri ən uzunmüddətli durğunluq mərhələsini yaşayır. Buna görə də hərbi istehsal üçün montaj xətləri yenidən qurulur. Qeyd olunur ki, bu vəziyyətə səbəb Çinlə artan rəqabət və qlobal bazarlarda tələbin azalmasıdır. Bütün bunlara baxmayaraq, Almaniya ötən il Çini keçərək 5,7 faiz payla dünyanın dördüncü ən böyük silah ixracatçısı olub.
Göründüyü kimi artan qlobal təhdidlər qarşısında hər bir ölkə öz müdafiə potensialını genişləndirməyi hədəfləyib. Bu mənada Avropa ölkələrinin silah sənayelərini inkişaf etdirməsi bir çox analitiklər tərəfindən nə qədər tənqid olunsa da başa düşüləndir.
Nəriman Nəcəfov
