Türkiyə ilə dəmir yolu əlaqəsinin yaradılması üzrə araşdırma cari ilin sonunadək başa çatdırıla bilər.
NUHÇIXAN xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh əl-Casir deyib.
Nazir “əl-Arabiyyə”yə müsahibəsində qeyd edib ki, İordaniya və Suriya üzərindən keçəcək layihə regional inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və davamlı quru nəqliyyatı sisteminin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının dəmir yolu şəbəkəsi hazırda İordaniya sərhədinədək – “əl-Hədisə” keçid məntəqəsinə qədər uzanır və bu, gələcəkdə regional və beynəlxalq bağlantılar üçün strateji baza rolunu oynayır.
Nazir əlavə edib ki, ölkənin liman və logistika infrastrukturu regionda ticarətin fasiləsizliyini təmin etmək üçün inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Qırmızı dəniz limanlarının illik 17 milyondan çox konteyner qəbul etmə gücünə malik olduğunu vurğulayan Saleh əl-Casir Səudiyyə Ərəbistanının alternativ logistika marşrutları hesabına tədarük zəncirlərinin dayanıqlığını artırdığını diqqətə çatdırıb.
