ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kral Çarlz və Kraliça Kamillanın gələn həftə ABŞ-yə planlaşdırılan dövlət səfəri Böyük Britaniya ilə münasibətlərin yaxşılaşmasına töhfə verə bilər.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, bu səfərin ikitərəfli əlaqələri bərpa edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp “Tamamilə. O, möhtəşəm insandır. Cavab birmənalı şəkildə bəllidir”,- deyə qeyd edib. O əlavə edib ki, Kralı uzun illərdir tanıyır.
ABŞ Prezidenti, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə münasibətlərinə də toxunaraq bildirib ki, Starmer immiqrasiya siyasətini dəyişərsə, siyasi mövqeyini bərpa edə bilər.
Məlumata görə, Kral və Kraliça bazar ertəsi başlayacaq dörd günlük səfər çərçivəsində ABŞ-yə yola düşəcəklər. Səfər zamanı onların Ağ Evdə Donald Trampla görüşü planlaşdırılır. Kral Çarlz Prezidentlə ayrıca görüş keçirəcək və həmçinin ABŞ Konqresində çıxış edəcək. Səfərin ilk iki günü Vaşinqtonda keçiriləcək, daha sonra isə kral ailəsi Nyu-York, Virciniya və Bermudaya səfər edəcək.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu səfər ABŞ-nin müstəqilliyinin 250 illiyinə təsadüf edir və ortaq rifah, təhlükəsizlik və tarixə əsaslanan tərəfdaşlığı qeyd etmək məqsədi daşıyır.
