Türkiyə geostrateji üstünlüklərə malik ölkə olaraq, ticarət yollarının genişləndirilməsinə diqqət yetirir ki, bunlardan biri də Orta Dəhlizdir.
NUHÇIXAN xəbər verir ki, Vitse-prezident Cevdet Yılmaz bu açıqlamanı Ankarada xarici jurnalistlər üçün Türkiyənin investisiya mühitinə həsr olunmuş mətbuat konfransında verib.
Tədbir iştirakçıları, o cümlədən Türkiyənin bir sıra nazirlik və qurumlarının rəhbərləri qarşısında çıxış edən Yılmaz Nazirlər Kabinetinin Türkiyənin rəqabət qabiliyyətini artırmaq və investisiya mühitini gücləndirmək üçün gördüyü tədbirlərdən bəhs edib.
Onun sözlərinə görə, bu addımlar qlobal iqtisadiyyatda artan qeyri-müəyyənlik fonunda xüsusilə vacibdir. “Bir çox bölgədə geosiyasi gərginlik artır və İran ətrafında eskalasiya riski onsuz da kövrək olan vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar enerji bazarlarına, ticarət yollarına və qlobal maliyyəyə birbaşa təsir göstərir. Bu mühitdə sabitlik, proqnozlaşdırılma və istehsal gücü qlobal investisiyaların istiqamətini müəyyən edən həlledici amillərə çevrilir”, - deyə Türkiyənin Vitse-prezidenti bildirib. O, Ankaranın regiondakı böhranların iqtisadiyyata potensial təsirini azaltmaq və bazarların etibarlı fəaliyyətini təmin etmək üçün bütün lazımi tədbirləri gördüyünə əminliyini ifadə edib.
C.Yılmaz vurğulayıb ki, Türkiyə makroiqtisadi sabitliyi və davamlı artım trayektoriyasını qoruyub saxlayır. “Müasir Türkiyə investisiya və sənaye fəaliyyəti üçün sabit, proqnozlaşdırılabilən və etibarlı tərəfdaş kimi seçilir. Ölkəmiz rəqabətli və inkişaf etmiş ekosistem təklif edir. İnvestorlar İstanbul Maliyyə Mərkəzi çərçivəsində əhəmiyyətli vergi güzəştlərindən istifadə edirlər”, - deyə o diqqətə çatdırıb.
Bu tədbirlərə əlavə olaraq, Türkiyə startapları dəstəkləmək üçün bir sıra qaydalar tətbiq edəcək. Siyasətçi çıxışının sonunda bildirib: “Startapları və risk kapitalını daha cəlbedici etməklə, rəqəmsal tətbiq vasitəsilə biznes qeydiyyatı və idarəetmə proseslərinin çevikliyini eyni vaxtda sürətləndirəcək və artıracağıq”.
Öz növbəsində, maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek təqdimatla çıxış edərək Türkiyədən keçən ticarət dəhlizlərinin xəritəsini göstərib və Orta Dəhlizin Asiya və Avropa arasında malların daşınması üçün ən qısa və ən sərfəli marşrut olduğunu bildirib.
