Çin ilk dəfə tam yerli layihələndirmə və istehsalla hazırlanmış 180 min kubmetrlik mayeləşdirilmiş təbii qaz daşıyıcısını (LNG) təhvil verib.
NUHÇIXAN xəbər verir ki, “Celsius Georgetown” adlı gəmi Çinin Ciansu əyalətinin Nanton şəhərində “China Merchants Heavy Industry” şirkətinin dokundan ilk səfərində Sinqapura yola düşüb.
Bu layihə Çinin yüksəksəviyyəli təmiz enerji gəmiqayırma sektorunda mühüm irəliləyiş kimi qiymətləndirilir. Uzunluğu 298,8 metr, eni 48 metr olan “Georgetown” ikiyanacaqlı aşağısürətli hərəkət sistemi ilə təchiz olunub. Gəmidə aşağı buxarlanma göstəricisi və güclü ekoloji performans mövcuddur. Bu xüsusiyyətlər onu həm texniki, həm də ekoloji baxımdan diqqətçəkən layihəyə çevirir. Eyni zamanda, bu gəmi Çində indiyədək istehsal olunan ən böyük yük tutumlu LNG daşıyıcısı hesab olunur.
Qeyd edək ki, LNG daşıyıcıları mənfi 163 dərəcə Selsi temperaturda mayeləşdirilmiş təbii qazın daşınması üçün xüsusi olaraq hazırlanır. Onların layihələndirilməsi və tikintisi son dərəcə mürəkkəb hesab olunur. Bu tip gəmilər aviadaşıyıcılar və lüks kruiz gəmiləri ilə birlikdə gəmiqayırma sənayesinin “tac daşları” sırasında qiymətləndirilir. Çində hazırda LNG daşıyıcılarını istehsal edən 5 gəmiqayırma zavodu fəaliyyət göstərir.
