Alimlər demensiyadan qorunmaq üçün optimal yuxu müddətini müəyyən ediblər

A- A A+

Gündə yeddi-səkkiz saat yatmaq demensiya riskini minimuma endirir. Yuxunun həm azlığı, həm də həddindən artıq çoxluğu isə xəstəliyin yaranma ehtimalını artırır.

NUHÇIXAN xəbər verir ki, alimlər “PLOS One” jurnalında dərc olunan araşdırmada bu nəticəyə gəliblər.

Tədqiqatçılar 4,5 milyon nəfərin iştirak etdiyi 69 elmi işin nəticələrini birləşdirərək həyat tərzinin üç amilinin təsirini qiymətləndiriblər: yuxu müddəti, fiziki aktivlik səviyyəsi və oturaq vəziyyətdə keçirilən vaxt. Təhlil göstərib ki, gündə məhz yeddi-səkkiz saat yuxu demensiya riskini minimum səviyyəyə endirir.

Bu normadan kənara çıxmaq xəstəliyin yaranma ehtimalını artırıb. Belə ki, yeddi saatdan az yuxu riskin təxminən 18 faiz artması ilə nəticələnib, səkkiz saatdan çox yuxu isə bu göstəricini 28 faiz artırıb. Alimlər qeyd edirlər ki, həddindən artıq çox yuxu onun çatışmazlığı qədər mənfi nəticəyə gətirib çıxara bilər.

Əlavə olaraq müəyyən edilib ki, azhərəkətli həyat tərzi də mühüm rol oynayır. Gün ərzində səkkiz saatdan çox oturaq vəziyyətdə qalanlar və həftə ərzində fiziki aktivliyə 150 dəqiqədən az vaxt ayıranlar demensiya ilə daha çox üzləşirlər.

Müəlliflər vurğulayırlar ki, aşkar edilmiş əlaqələr xəstəliyin məhz bundan yarandığını sübut etmir. Məsələn, artmış yuxusuzluq vəziyyəti risk amili deyil, inkişaf etməkdə olan neyrodegenerativ xəstəliklərin, o cümlədən Altsheymer xəstəliyinin erkən əlaməti ola bilər.

Bununla belə, məlumatların ümumi mənzərəsi həyat tərzinin beyin sağlamlığı üçün əhəmiyyətini göstərir. Müntəzəm fiziki aktivlik, oturaq vəziyyətdə keçirilən vaxtın azaldılması və tam dəyərli yuxu qan dövranının yaxşılaşmasına, iltihabın azalmasına və beynin maddələr mübadiləsi məhsullarından daha səmərəli təmizlənməsinə kömək edə bilər.

Demensiyanın effektiv müalicəsi hələ mövcud olmadığından, alimlər davranış amillərinin dəyişdirilməsini profilaktikanın əsas yollarından biri hesab edirlər. Onların qiymətləndirməsinə görə, xəstəlik hallarının yarısına qədəri həyat tərzinin korreksiyası hesabına potensial olaraq qarşısı alına bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: