Asiya İnkişaf Bankı (AİB) Yaxın Şərqdəki münaqişənin yaratdığı ciddi və uzunmüddətli problemlər səbəbindən Asiya-Sakit okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozunu aşağı salıb, inflyasiya proqnozlarını isə artırıb.
NUHÇIXAN xəbər verir ki, AİB Yaxın Şərqdəki vəziyyətin sabitləşməsi fərziyyəsi ilə aprelin əvvəlində 2026-cı və 2027-ci il üçün açıqladığı 5,1 faizlik artımı proqnozunu müvafiq olaraq 4,7 və 4,8-ə endirib.
Bank bölgədə inflyasiyanın bu il 5,2 faiz, gələn il isə 4,1 faiz təşkil edəcəyini düşünür. Aprelin əvvəlində verilən proqnoz isə (3,6 və 3,4 faiz) daha aşağı rəqəmlər idi. AİB mayda xam neft qiymətlərinin kəskin artması ehtimalı fonunda artım tempinin daha aşağı, inflyasiyanın isə daha yüksək olacağını da istisna etmir.
Asiya İnkişaf Bankı hesab edir ki, bu il neftin orta qiyməti bir barel üçün 96, 2027-ci ildə isə 80 ABŞ dolları olacaq.
Bank enerji istehsalı və nəqliyyat marşrutları üçün davamlı risklərin, neft-qaz qiymətlərinə təzyiqlərin yanacaq idxalı, pul köçürmələri, turizm və ya xarici maliyyədən çox asılı olan iqtisadiyyatlara xüsusilə təsir edəcəyini açıqlayıb. AİB hesab edir ki, qlobal enerji və ticarət şəbəkələrindəki qeyri-sabitlik uzunmüddətli ola bilər.
