Ağ Ev rəsmisi bazar ertəsi günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu ay Asiyaya edəcəyi səfəri zamanı onun Şimali Koreya lideri Kim Çen In ilə görüşü nəzərdə tutulmayıb.
NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, Ağ Ev rəsmisinin bu açıqlaması Donald Trampın mayın 14-15-də Pekində ÇXR Sədri Si Cinpin ilə ticarət və Yaxın Şərq münaqişəsi də daxil olmaqla bir sıra məsələləri əhatə edəcəyi yüksəksəviyyəli sammitin planlaşdırdığı bir vaxta təsadüf edir.
“Belə bir görüş hazırda səfər proqramında yoxdur”, - deyə Ağ Ev rəsmisi elektron poçt vasitəsilə Yonhap xəbər agentliyinin Trampın Çinə səfəri zamanı Şimali Koreya lideri ilə yenidən əlaqə qurmağa çalışması ehtimalının olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib. O əlavə edib ki, ABŞ Prezidenti Şimali Koreya ilə heç bir ilkin şərt olmadan dialoqa açıqdır.
Lakin müşahidəçilər bildiriblər ki, Trampın Çinə səfəri zamanı əsas diqqət yüksəksəviyyəli sammitə və İranla sülh danışıqlarına yönələcək.
Trampın birinci prezidentlik müddəti ərzində Kimlə üç görüşü olub. Birinci görüş 2018-ci ilin iyun ayında Sinqapurda, ikincisi 2019-cu ilin fevral ayında Hanoyda və üçüncü təmas 2019-cu ilin iyun ayında iki Koreya dövlətinin arasında yerləşən sərhəd kəndi Panmunjomda olub.
Daha əvvəl ABŞ Prezidenti İranın davam edən münaqişəyə son qoymaq məqsədilə təqdim etdiyi 14 maddəlik təklifi nəzərdən keçirəcəyini bildirmişdi, eyni zamanda Tehranın gözləntiləri doğrultmadığı təqdirdə Vaşinqtonun hərbi əməliyyatlara davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
