Rumıniya elektrik enerjisinin bahalaşması baxımından Avropa İttifaqında ilk sıraya yüksəlib.
NUHÇIXAN Rumıniyanın “HotNews” nəşrində yayımlanan məqaləyə istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Xidmətinin – “Avrostat”ın açıqladığı son məlumatlarda qeyd olunub.
Məqalədə vurğulanır ki, Avropa İttifaqında elektrik enerjisi üzrə orta göstəricilər əsasən sabit qalsa da, Rumıniyada 2025-ci ilin ikinci yarısında qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,6 faiz artıb.
Nəşrin yazdığına görə, alıcılıq qabiliyyəti nəzərə alınmaqla hesablanan göstəricilər üzrə də Rumıniya ən yüksək nəticə ilə seçilir. Bu göstəriciyə əsasən, ölkədə elektrik enerjisinin qiyməti 100 kilovat-saat üçün 49,52 avro təşkil edib.
Məqalədə bildirilir ki, bu göstəricidən sonra Çexiya və Polşa gəlir. Ən aşağı qiymətlər isə Malta, Macarıstan və Finlandiyada qeydə alınıb.
Rumıniyada elektrik enerjisinin bahalaşması enerji bazarının liberallaşdırılması, qiymətlərin tənzimlənməsi mexanizmlərinin dəyişməsi və ümumi bazar xərclərinin artması ilə əlaqələndirilir.
Nəşr vurğulayır ki, ölkə təbii qaz, hidroenerji, nüvə və bərpaolunan enerji mənbələrinə malik olsa da, əhali üçün yekun elektrik enerjisi qiymətləri Avropa üzrə ən yüksək göstəricilərdən biri olaraq qalır.
Ekspertlərin fikrincə, elektrik enerjisinin bahalaşması əhalinin alıcılıq qabiliyyətinə, inflyasiya proseslərinə və biznes mühitinin rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
Müşahidəçilər hesab edirlər ki, enerji bazarında sabitliyin təmin olunması üçün Rumıniya həm daxili istehsal imkanlarını, həm də regional enerji əməkdaşlığını daha səmərəli şəkildə inkişaf etdirməlidir.
