Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz.
NUHÇIXAN xəbər verir ki, bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 May – Avropa Günü münasibətilə yayılmış bəyanatında yer alıb.
Türkiyə Prezidenti Avropa Gününü “sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan ortaq gələcək qurmaq məqsədinin konkret təzahürü” adlandırıb.
Prezident Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, “Avropa İttifaqının Ankaraya ehtiyacı Türkiyənin Avropa İttifaqına olan ehtiyacından daha böyükdür və gələcəkdə bu ehtiyac daha da artacaq”.
Türkiyə lideri Avropa İttifaqının hazırda çoxşaxəli böhranlar fonunda ciddi sınaqlarla üzləşdiyinə diqqət çəkib.
“Qlobal miqyasda təsiri hiss olunan müharibələr, siyasi böhranlar və iqtisadi problemlər Avropa İttifaqından daha inklüziv və birləşdirici siyasət tələb edir. Avropa İttifaqına namizəd ölkə olan Türkiyə bu prosesin əsas və əvəzolunmaz elementlərindən biri olaraq qalır. Aydındır ki, Türkiyənin iştirakı olmadan Avropa memarlığı natamam olacaq və böhranların idarə edilməsində zəif qalacaq”, – deyə bəyanatda bildirilib.
Prezident Ərdoğan qeyd edib ki, Ankara Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı fayda və tamhüquqlu üzvlük perspektivi əsasında inkişaf etdirmək niyyətindədir. O, Brüsseldən də “eyni səmimiyyətin nümayiş etdirilməsini” gözlədiklərini vurğulayıb.
Türkiyə lideri Avropa Gününün sülhün, əmin-amanlığın və həmrəyliyin carçısına çevriləcəyinə ümidvar olduğunu bildirib.
