Şri-Lankada musson yağışlarının başlaması ilə əlaqədar denge qızdırmasına yoluxma hallarında artım qeydə alınıb.
NUHÇIXAN Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Şri-Lankanın səhiyyə rəsmiləri məlumat yayıblar. Bildirilib ki, bu ilin əvvəlindən bəri ölkədə 27 min 754 yoluxma və 14 ölüm faktı qeydə alınıb. Yoluxma halları ölkənin 25 rayonunda aşkarlanıb.
Milli Denge Nəzarət Bölməsi ən çox yoluxmanın Qərb əyalətində müşahidə olunduğunu açıqlayıb. Rəsmilər musson yağışlarının xəstəliyin daha da geniş yayılmasına səbəb ola biləcəyini vurğulayıblar.
Mütəxəssislər tullantıların düzgün atılmamasını əsas risk amillərindən biri kimi qiymətləndirərək, əhalini hərarət, baş, əzələ ağrıları, ürəkbulanma və dəri səpgisi kimi simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etməyə çağırıblar.
