ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqları zamanı ondan ölkə bazarının ABŞ şirkətləri üçün daha geniş açmasını xahiş etmək niyyətində olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Çinə səfəri çərçivəsində prezident nümayəndə heyətinə Birləşmiş Ştatların bir çox nəhəng kompaniyalarının rəhbərləri daxil edilib. “Mən misilsiz xidmətlərə malik bir lider olan Sədr Sidən Çini “açmasını” xahiş edəcəyəm ki, bu parlaq insanlar öz möcüzələrini yarada bilsinlər və Xalq Respublikasının daha yüksək səviyyəyə qalxmasına kömək göstərsinlər”, - deyə Tramp qeyd edib.
Amerika administrasiyasının rəhbəri mayın 13-15-də Çində dövlət səfərində olacaq. İki liderin ticarət, enerji, strateji sabitlik, ABŞ və İsrailin İrana qarşı müharibəsi və Tayvan məsələlərini müzakirə edəcəyi gözlənilir.
Donald Trampın Pekinə əvvəlki səfəri 2017-ci ildə, ilk prezidentlik müddətində baş tutmuşdu. Dövlət başçıları arasında ən son görüş isə 2025-ci ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti zamanı olub.
