Böyük Britaniyanın Milli Sərvət Fondu müdafiə sektoruna ilk investisiyasını həyata keçirib.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, fond Britaniyanın mühəndislik şirkəti “Rowden” üçün yeni istehsal sahələrinin açılması məqsədilə təxminən 34 milyon ABŞ dolları həcmində maliyyə ayırıb. 2024-cü ildə iqtisadi artımı dəstəkləmək məqsədilə yaradılmış fond əsasən ölkənin xalis sıfır emissiya keçidinin maliyyələşdirilməsinə yönəlib. Bu, fondun müdafiə və milli təhlükəsizlik sahəsinə ilk sərmayəsi hesab olunur.
Bristolda yerləşən “Rowden” aşağı rabitə imkanları olan şəraitdə istifadə üçün sensor və informasiya sistemləri hazırlayır. Şirkətin müştəriləri arasında Britaniyanın Müdafiə Nazirliyi və fövqəladə xidmət qurumları da yer alır. Yeni investisiya hesabına şirkət iki istehsal sahəsi açmağı və növbəti 12 ay ərzində 100 yeni iş yeri yaratmağı planlaşdırır. Böyük Britaniyanın müdafiə hazırlığı və sənaye naziri Lyuk Pollard bildirib ki, müdafiə sektoru iqtisadi artımın mühərrikidir və hazırkı investisiya bunun praktiki nümunəsidir.
