Çin çərşənbə günü ABŞ Prezidenti Donald Trampın dövlət səfərini “alqışladığını”, eyni zamanda, ikitərəfli münasibətlərdə dünyaya daha çox sabitlik və əminlik təmin etmək üçün “hörmət və bərabərlik” gözlədiyini bildirib.
NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun jurnalistlərə bildirib: “Dövlət başçıları səviyyəsində diplomatiya Çin-ABŞ münasibətləri üçün strateji rəhbərlik təmin etməkdə əvəzolunmaz rola malikdir”.
O əlavə edib: “Çin Prezident Trampın Pekinə dövlət səfərini alqışlayır. Səfər zamanı ABŞ Prezidenti Donald Tramp və Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlər, qlobal sülh və inkişafla bağlı əsas məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”.
Sözçü əlavə edib ki, tərəflər hörmət, bərabərlik və qarşılıqlı fayda ruhunda hərəkət edəcək, dünyaya daha çox sabitlik və əminlik mesajı verəcəklər”.
Çinin ABŞ ilə iki gün davam edəcək danışıqlarının gündəliyində Yaxın Şərq münaqişəsi, Tayvan, ticarət, tariflər və yüksək texnologiyalar yer alacaq. ABŞ-nin birinci xanımı Melaniya Tramp səfərə qatılmır.
Tramp daha əvvəl bildirmişdi ki, Çini Amerika biznesinə açmaq üçün Si Cinpindən “ilk xahişini” edəcək. O qeyd edib: “Mən heç vaxt ölkələrimiz üçün bundan daha faydalı olacaq bir fürsət görməmişəm və ya eşitməmişəm”.
